Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva bazar günü Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı prezident Jair Bolsonaro üzərində qələbə qazanıb.
Da Silva səslərin 99,9 faizinin hesablanmasına əsasən, səslərin 50,9 faizini toplayıb. Seçki rəsmiləri Lulanın qələbəsinə dair riyazi baxımdan əminlik olduğunu deyib.
"Onlar məni diri-diri basdırmağa çalışdılar və mən buradayam" – deyə, bazar günü seçilmiş prezident Da Silva bildirib.
İfrat sağçı Bolsonaro bazar günü məğlubiyyətini etiraf etməyib. Lakin səsvermənin ikinci mərhələsinə bir gün qalmış o deyib ki, "zərrə qədər şübhə yoxdur. Kim daha çox səsi alarsa, o da seçkiləri qazanır".
Da Silva prezidentlik dövründə milyonlarla braziliyalını yoxsulluqdan çıxarması ilə tanınır. Bolsonaro isə vəzifədə olduğu müddətdə ifrat sağçı siyasəti, koronavirusu ciddi qəbul etməməsi, Amazon meşələrinin qırılması və tüğyan edən inflyasiya ilə yadda qalıb.
Da Silva ölkənin sosial rifah sistemini yaxşılaşdırmağa və ölkənin yerli əhalisinin narahatlıqlarını ünvanlamaq üçün nazirlik yaratmağa söz verib, lakin bütün bunlar Braziliya Konqresində mühafizəkarlarla ciddi mübarizə ilə müşayiət ola bilər.
77 yaşlı Da Silvanın qələbəsi 2003-2010-cu illərdə ölkəyə rəhbərlik etmiş sabiq prezident üçün hadisələrin heyrətamiz dönüşüdür. O, daha sonra korrupsiya ittihamı ilə 18 ay həbsdə olmuş, lakin sonradan bu ittihamlar Ali məhkəmə tərəfindən ləğv edilmişdi.
ABŞ prezidenti Co Bayden "azad, ədalətli və etibarlı seçkilərdən sonra" prezident seçkilərində qələbə qazanması münasibətilə Da Silvanı təbrik edib. ABŞ lideri deyib ki, o, "qarşıdakı aylarda və illərdə iki ölkə arasında əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir".
Fransa prezidenti Emmanuel Makron Twitter-də yazdığı təbrikdə iki liderin "ölkələri arasında dostluq əlaqələrini yeniləyəcəklərini" bildirib.