Accessibility links

Xarici İşlər Nazirliyi: Ermənistan baş nazirinin açıqlaması danışıqlara zərbədir


Xarici İşlər Nazirliyi

“Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfəri çərçivəsində Rusiyadakı erməni sahibkarlarla sentyabrın 8-də görüşündə Dağlıq Qarabağı təsəvvüründə Ermənistanın bir hissəsi hesab etdiyini və “heç kim Ermənistanla hədə dili ilə danışa bilməz” deyərək Azərbaycan tərəfinin münaqişə ilə bağlı güzəştə getməsinə işarə edib.

Azərbaycan Xarici İşlər Nazirliyi hesab edir ki, baş nazir səviyyəsində verilən bu bəyanat Ermənistanın əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirilir.

“ Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Misnk Qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində edir. Həmçinin, bu açıqlama ATƏT-in Baş katibinin gələn həftə Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir”, mətbuat xidmətinin rəhbəri qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi hesab edir ki, yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq.

“Bir daha vurğulamaq istərdik ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür”, Hacıyev qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8-də Moskvada Rusiya prezidenti Vladimir Puinllə görüşüb.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ilin mayında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və Ermənistan-Azərbaycan sərhədi boyunca Dağlıq Qarabağdan uzaq ərazilərdə Azərbaycanın kəndləri ermənilərin nəzarətinə keçib.

Münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.

2016-ci il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib, tərəflər onlarla itki verib. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırılıb.

Minsk qrupununn həmsədr dövlətlərinin rəhbərlərinin hazırki staus-kvonun qəbuledilməz olması barədə dəfələrlə bəyanatlar verməsinə, aprel döyüşlərinin nəticələrinə və Rusiya prezidentinin təşəbbüsü ilə hərbi əməliyyaların dayandırılmasına rəğmən münaqişənin nizamlanmasında hər hansı irəliləyiş qeydə alınmayıb.

Ermənistanın yeni baş naziri hakimiyətə gələndən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (RF), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zograb Mnatsakanyan iyulun 11-də Brüsseldə görüşüb. Nazirlərin növbəti görüşü BMT Baş Assambleyasının sessiyasının açılışı günlərində, yəni sentyabrın 18-dən sonra Nyu-Yorkda gözlənilir.

XS
SM
MD
LG