Accessibility links

"Mən böyük qələbə qazanmışam, o isə məğlub olub" - Tramp Romninin tənqidlərinə cavab verib


ABŞ prezidenti Donald Tramp və 2012-ci ildə prezident seçkilərində Respublikaçılar partiyasının namizi olmuş Mitt Romni arasında söz mübahisəsi baş verib. Mitt Romni keçən il Konqresə ara seçkilərdə senator seçildikdən sonra cümə axşamı günü yeni tərkibdə işinə başlayacaq ABŞ Senatında Yuta ştatını təmsil edəcək.

Romni Washington Post qəzetindəki məqaləsində yazıb ki, Tramp iki illik prezidentliyi dövründə“ bu ofisin səviyyəsinə qalxa bilməyib”.

“Geniş mənada prezidentlik ölkənin ictimai xarakterini müəyyən edir. Prezident bizi birləşdirməlidir və bizi özümüzü ən yaxşı cəhətdən göstərməyə ruhlandırmalıdır. Prezident düzlük və prinsipiallıq kimi mühüm keyfiyyətləri nümayiş etdirməlidir və dostluq və qarşılıqlı hörmət ruhunda ünsiyyət mədəniyyətini yüskəltməlidir. Bizim millətimizin bəxti gətirib ki, Amerika xarakterinin ən gözəl tərəflərini göstərən prezidentlərimiz olub. Ölkənin bu dərəcədə bölündüyü, incilklik və qəzəblə dolu olduğu bir vaxt prezidentin ləyaqətli xarakter nümunəsi göstərməsi çox vacibdir”, Romni yazıb.

“Məhz bu sahədə hazırkı prezidentin çatışmazlıqları xüsusilə aşkardır”- deyə, Mitt Romni fikrini davam etdirib.

Özünə qarşı tənqidi çox nadir hallarda cavabsız qoyan Tramp məqalənin nəşrindən bir neçə saat sonra Twitter sosial şəbəkəsində yazıb:

“Bu da Mitt Romni, amma necə də tez bir vaxtda! Sual budur ki, o, növbəti Fleyk olacaqmı?” (Bununla Tramp daha bir respublikaçı tənqidçisi, keçən il yenidən seçilməkdən imtina etdikdən sonra Senatı tərk edən Arizona senatoru Ceff Fleyki nəzərdə tutub.)

“Mən Mittin daha çox sərhəd təhlükəsizliyi və fayda verə biləcək bir sıra başqa məsələlərə diqqət yetirməsinə üstünlük verərdim. Mən böyük qələbə qazanmışam, o isə məğlub olub. O, Respublikaçılar üçün sevinməlidir. Komandada oyunçu ol və qələbə çal!”, Tramp Twitter mesajında yazıb.

Romni və respublikaçı Tramp arasında son illərdə münasibətlər müxtəlif xarakterdə olub.

Prezident bizi birləşdirməlidir və bizi özümüzü ən yaxşı cəhətdən göstərməyə ruhlandırmalıdır.
Mitt Romni

Mitt Romninin 2016-cı ildə Trampın prezidentlik kampaniyası dövrü onu “saxta” və “fırıldaqçı” adlandırmasına baxmayaraq, Tramp prezident seçildikdən az sonra yeni hökuməti formalaşdıran zaman onun dövlət katibi vəzifəsinə namizədilyini nəzərdən keçirmişdi.

Lakin sonradan o, 2012-ci ildə prezident seçkilərində keçmiş prezident Barak Obamaya məğlub olmuş Romnini bu vəzifəyə nominasiya etməmişdi. Buna baxmayaraq, keçən il Konqresə ara seçkilərdə Tramp Yuta ştatından Senata namizədliyini irəli sürmüş Romniyə dəstəyini bildirmiş və Romni asanlıqla qələbə çalmışdı.

XS
SM
MD
LG