Macarıstanın prezidenti Yanoş Ader deyib ki, ictimai diskussiyaların aparılması mühitinin pisləşməsi ölkənin 1990-cı ildə demokratiyaya geri dönməsi ilə əldə etdiyi uğurların itirilməsi riskini artırır.
Ader parlamentdə onun rəsmən vəfizəfəyə qoyulması mərasimində qanunvericilərə bildirib ki, siyasətçilər mübahisələrə bir-birlərinin ailələri və ya cinsi və dini kimlikləri cəlb etməməlidir.
Ader həmçinin bildirib ki, bu məsələdə böyük məsuliyyət baş nazir Viktor Orbanın Fidesz partiyasının başçılıq etdiyi hökümətin üzərinə düşür.
Onun bu şərhlərlə müxalif siyasətçilər və fəalları hədəf alan əsassız, böhtan xarakterli hesabatlara istinad etdiyi güman edilir. Bu hesabatlar həm dövlət, həm də hökümət reklamlarından geniş şəkildə faydalanan özəl media tərəfindən dərc olunur.
Prezident həmçinin vəzifəsinin ilk dövründə “zərər çəkən və ya təhqir olunan hər kəsdən” üzr istəyib. Qanunvericilər onu mart ayında ikinci dəfə 5 illik müddətinə prezident seçiblər.
Ader özü bu yaxınlarda Macarıstanın ali təhsil qanunlarına edilən dəyişikliklərə etiraz etməmək qərarına görə bir çox tənqidlərlə üzləşib. Bu dəyişikliklər amerikalı milyader Corc Sorosun 1991-ci ildə təsis etdiyi Mərkəzi Avropa Universitetinin Budapeştdən köçürülməsinə gətirib çıxara bilər.
Müxalif Sosialist partiyası və bir sıra digər müxalif millət vəkilləri Aderin vəzifəyə qoyulması mərasimində iştirak etməyib.
Sosialistlər deyir ki, Ader “2012-ci ilədək Fidesz partiyasının əsgəri idi və prezident seçiləndən sonra da elə qaldı”. “Onun şəxsiyyəti və fəaliyyəti bir an olsun belə Macarıstan xalqını birləşdirmədi”.
Orban 2018-ci ilin aprel ayında dördüncü dəfə namzidəliyini irəli sürəcək. Hazırkı rəy sorğuları Fideszin digər siyasi partiyalardan xeyli irəlidə olduğunu göstərir.