Accessibility links

Makron Rusiya ilə “aydın qırmızı xətlər” çəkilməsinə çağırıb


Fransa prezidenti Emmanuel Makron ABŞ-ın CBS tele kanalına müsahibədə bildirib ki, dünya qüdrətləri Rusiya ilə münasibətlərdə “aydın qırmızı xətlər” çəkməli və bu xətləri keçərsə, Moskvaya qarşı sanksiyaların tətbiq edilməsi ehtimalını nəzərdən keçirməlidir.

“Rusiya ilə münasibətlərimizdə açıq qırmızı xətlər müəyyənləşdirməliyik”, Makron bazar günü yayımlanacaq müsahibədən göstərilən videoya əsasən bildirib.

“Bu, yeganə inandırıcı yoldur. Sanksiyalar özü-özlüyündə yetərli deyil, lakin tədbirlər paketinin bir hissəsidir” - deyə, Fransa lideri qeyd edib və ABŞ prezidenti Co Baydenin gərginliyin artması fonunda Rusiya prezidenti Vladimir Putinlə dialoqa başlamaq istəyini dəstəklədiyini əlavə edib.

Makronun açıqlamaları Fransanın Rusiya ilə bağlı əvvəlki mövqeyindən uzaqlaşaraq, müttəfiqi ABŞ-ın mövqeyinə yaxınlaşdığını göstərir.

2017-ci ildə prezident seçilməsindən sonra Fransa lideri dünyanın ən ciddi böhranlarının həllində Rusiyanın dəstəyini almağa ümid edərək, Rusiya ilə Qərb arasında inamsızlıq səviyyəsini azaltmağa çalışır.

Makronun açıqlamaları Birləşmiş Ştatlar və Rusiya arasında 1989-cu ildə Soyuq müharibənin bitməsindən sonra ən ciddi gərginliyin yaşandığı vaxta təsadüf edir.

Birləşmiş Ştatlar keçən həftə Moskvanın bildirildiyi kimi keçən il ABŞ prezident seçkisinə müdaxiləsi, kiber hakerlik, Ukraynanın təhdid edilməsi və digər zərərli hərəkətlərinə görə cəzalandırılmasını nəzərdə tutan sanksiyalar tətbiq edib.

Vaşinqton həmçinin Rusiyanın 10 diplomatını ölkədən çıxarıb.

Rusiya buna cavab olaraq cümə günü ABŞ-ın 10 diplomatına ölkəni tərk etməli olduqlarını bildirib və Birləşmiş Ştatların səfirinin məsləhətləşmələr üçün vətənə qayıtmasını təklif edib.

Avropada Moskva və Kyiv arasında gərginliklər Rusiyanın Ukrayna sərhədi boyu hərbi qüvvə cəmləşdirməsi və ölkənin şərqində Ukrayna ordusu və Rusiyanın dəstəklədiyi separatçılar arasında toqquşmalar fonunda daha da artır.

Ukrayna prezidenti Volodimir Zelenski cümə günü Moskva ilə sülh danışıqlarına çağırıb.

Şərhlərə bax

XS
SM
MD
LG