Cənubi Afrikada milyonlarla insna ölkənin ilk qara dərili prezidenti olmuş Nelson Mandelanın 93 yaşının tamam olmasını qeyd edir.
Məktəblərdə bu gün dərslər Nelson Mandelaya həsr olunmuş mahnının oxunması ilə başlayıb, vətəndaşlarsa cənab Mandelanın ad gününü öz icmalarına xidmət göstərməklə qeyd edib.
BMT 2009-cu ildə Cənubi Afrikanın keçmiş liderinin ad gününü Nelson Mandela günü elan edərək, insanları onun siyasətdə olduğu illərin sayı qədər 67 dəqiqə öz icmalarına xidmət göstərməyə çağırmışdı.
Aparteid əleyhinə mübariz Nelson Mandela ad gününü ailəsi ilə birlikdə doğma Qunu şəhərində qeyd edir.
Cənubi Afrika prezidenti Ceykob Zumanın bu gün ona baş çəkəcəyi gözlənilir. Bundan öncə prezident Ceykob Zuma bəyanatında cənab Mandelanın ölkədə həqiqi demokratiyanın əsasını qoyduğunu bildirib.
ABŞ prezidenti Barak Obama cənab Mandelanı dünya ictimaiyyətinin, habelə demokratiya, ədalət və birlik naminə çalışan insanların mayakı adlandırıb.
Nobel sülh mükafatının laureatı olan Nelson Mandela Cənubi Afrikada azlıqdakı ağların idarəçiliyi və qaralara qarşı diskriminasiyanın mövcud olduğu sistemi dəyişmək uğrunda mübarizə aparmışdır.
1994-cü ildə o, Cənubi Afrikanın ilk qara dərili prezidenti olmuşdur.