ABŞ-ın müdafiə naziri Cim Mattis Birləşmiş Ştatların Şimali Koreya böhranı ilə bağlı diplomatik həll yollarının bitmədiyini bildirib. Müdafiə naziri bu açıqlamanı prezident Donald Trampın “danışıqlar cavab deyil” deməsindən sonra verib.
Mattis Trampın çərşənbə günü Tvitter səhifəsində Şimali Koreyanın Yaponiya üzərindən keçən ballistik raketi sınaqdan keçirməsindən sonra Pxenyana münasibətdə atıla biləcək addımlarla bağlı mesajı haqda sualı cavablandırıb.
“ABŞ Şimali Koreya ilə danışıqlar aparıb və 25 idlir onlara pul da verib. Danışıqlar cavab deyil!”, Tramp Tvitterdə yazıb.
Bundan bir gün öncə prezident Tramp Pxenyanla bağlı həll yollarına dair açıqlamada “bütün variantlar masa üzərindədir” bildirib.
Biz birlikdə işi davam etdirəcəyik, müdafiə naziri və mən bizim ölkələrimiz, əhalimiz və maraqlarımızın müdafiəsini təmin etmək kimi bir məsuliyyəti bölüşürük.Cim Mattis
ABŞ-ın müdafiə naziri çərşənbə günü Pentaqonda cənubi koreyalı həmkarını qəbul edib. Müdafiə nazirləri Şimali Koreyanın provokasiyalarına qarşı hansı addımların atılmalı olduğunu müzakirə edib.
“Biz birlikdə işi davam etdirəcəyik, müdafiə naziri və mən bizim ölkələrimiz, əhalimiz və maraqlarımızın müdafiəsini təmin etmək kimi bir məsuliyyəti bölüşürük və biz əməkdaşlıq edə biləcəyimiz bütün sahələri nəzərdən keçiririk”, Mattis bildirib.
Şimali Koreya çərşənbə axşamı günü Yaponiya üzərindən ballistik raketi sınağı keçirdiyini təsdiq edərək, Cənubi Koreya və Birləşmiş Ştatların birgə təlimlərinə müqavimət göstərməli olduğunu bildirib.
Cenevrədə ABŞ-ın tərksilah məsələləri üzrə səfiri Robert Vud Şimali Koreyanın raket proqramı ilə əlaqədar artmaqda olan təhlükələrə cavab verilməsi məqsədilə birgə səylərə çağırıb. O, Pxenyanın nüvə təhlükəsinin qlobal təhlükəsizlik qarşısında hazırda ən böyük sınaq olduğunu deyib.