Accessibility links

Beynəlxalq Koalisiya Əfqan Muxtarlının işinin hərtərəfli araşdırılmasına çağırır


Beynəlxalq Koalisiya

“Sərhədsiz Reportyorlar” və digər 22 beynəlxalq hüquq-müdafiə təşkilatı Gürcüstanın baş naziri Georgi Kvirikaşviliyə məktub göndərərək azərbaycanlı jurnalist Əfqan Muxtarlının mayın 29-da Tbilisidə oğurlanmasının hərtərəfli araşdırılmasına çağırıb.

“Biz mayın 29-da Tbilisidə Əfqan Muxtarlının oğurlanmasından narahatıq. Belə ki, o, axşam yoxa çıxıb, növbəti gün isə həbs edilib.

Onu evinin yanında maşına oturdaraq əl-qolunu bağlayıblar və döyüblər, cibinə 10 min avro qoyublar.

Vəkil Elçin Sadıqov həbsdə ona baş çəkib və onun üzündə xəsarətin olduğunu, qabırğasının sındığını təsdiqləyib.

Mayın 31-də Bakıda onu qaçaqmalçılıq, sərhədi qanunsuz keçmək və dövlət məmuruna zorakılıq göstərmək ittihamı ilə həbs ediblər.

Bütün bunlar həyəcanlı presedent yaradır. Son illər Azərbaycanda çoxsaylı müstəqil jurnalist, vətəndaş cəmiyyəti fəalı repressiyalardan qaçaraq ölkəni tərk edib. Onlar Gürcüstanda təhlükəsiz sığınacaq tapacaqlarına ümid ediblər. Ancaq indi qanunsuz olaraq öz ölkələrinə verilmək qorxusu ilə yaşamalı olacaqlar”, məktubda deyilir.

“Əfqan Muxtarlnın oğurlanması və qanunsuz olaraq öz ölkəsinə deportasiya edilməsi beynəlxalq hüququn pozulmasıdır. Gürcüstanın da üzvü olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi şəxsin onu real təhlükənin gözlədiyi dövlətə verilməməsini, göndərilməməsini və deportasiya edilməməsini nəzərdə tutur.

Əfqan Muxtarlının oğurlanması Qafqaz regionunda insan hüquqları standartlarının dəstəklənməsində lider kimi tanınan Gürcüstanın reputasiyasında qara ləkədir.

Azərbaycan hakimiyyəti onu tənqid edənlərə qarşı amansız müharibə aparır.

Biz Əfqan Muxtarlının “qanunsuz oğurlanması”nın araşdırılmasına başlanmasını alqışlayırıq və ümud edirik ki, istintaq zamanı onu oğurlayanların kimliyi və bu işdə Gürcüstan hakimiyyətinin rolu məlum olacaq.

Nəzərə çatdırılmalıdır ki, Gürcüstan ərasizində qonşu dövlətin qanunsuz hərəkətləri yolverilməzdir və bu işdə əli olan istənilən dövlət məmuru məsuliyyətə cəlb olunacaq”, məktubda bildirilir.

Məktubu Jurnalistləri Müdafiə Komitəsi, PEN, Human Rights Watch, Index Censorship, Sülh və Müharibə İnstitutu, Norveç Helsinki Komitəsi, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı və digər qurumlar imlzalayıb.

XS
SM
MD
LG