Accessibility links

“Əfqan Muxtarlının işinin aqibəti Gürcüstan cəmiyyətinin əlindədir” [Video]


Leyla Mustafayeva Əfqan Muxtarlının pasportunu nümayiş etdirir (Foto onun facebook səhifəsində yayılıb)

Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva ilə müsahibə

Azərbaycanlı araşdırmaçı jurnalist Əfqan Muxtarlı mayın 29-da Tbilisidə oğurlanıb və Bakıya göndərilib. O bildirib ki, gürcü polisi tərəfindən oğurlanıb. Bu hadisə böyük qalmaqal doğurub. İstintaq gedir, ictimaiyyət etiraz edir. Gürcüstan hökuməti təşviş içindədir. Bu barədə oğurlanmış jurnalistin həyat yoldaşı Leyla Mustafayeva Turana müsahibəsində bildirib.

Leyla istintaqdan narazılığını bildirir: Nə mənim, nə vəkilimin, nə bütünlükdə ictimaiyyətin istintaqın gedişatı haqqında məlumatı yoxdur. İşi polis aparır, baxmayaraq ki, Əfqan onu polis formalı şəxslərin oğurladığını deyirdi. Vəkil işin prokurorluqda aparılması barədə vəsatət qaldırıb, amma onunla bağlı heç nə deyilmir.

- Gürcüstan rəsmiləri niyə hadisənin ilk günündən ziddiyyətli bəyanatlar səsləndirir?

- Birincisi, qeyd etmək lazımdır ki, Əfqan haqqında ilk məlumat Bakıdan daxil olub və yalnız bundan sonra Tbilisidə Azərbaycan tərəfin onun jurnalist deyil, cangüdən, fəal olduğu haqqında rəsmi versiyasını təkrar edən bəyanatlar səslənməyə başlayıb. Bu, tərəflər arasında Əfqanla bağlı razılıq olduğunu göstərir.

- Bakıdan Gürcüstan prezident administrasiyası və hökumət arasında hadisə ilə bağlı fikir ayrılıqları olduğu görünür. Prezident tezliklə araşdırma aparılmasında və hadisə ilə bağlı faktların açıqlanmasında israr edir, hökumət isə prosesi uzadır, diplomatik rəylərlə yaxasını qurtarır.

- Bəli, prezident həqiqətən bildirib ki, Gürcüstanın nüfuzuna ciddi zərbə vurulub, hökumət isə hiylə edir. Bu, iş üzrə Gürcüstan hökuməti və rəsmi Bakı və xüsusən hüquq-mühafizə orqanları arasında razılaşma olduğunu göstərir. Gürcüstan vətəndaş cəmiyyətinin hadisəyə baxışı da belədir.

- Sizə Gürcüstan vətəndaşlığı təklif olunub. Niyə onlar belə bir təklif etdilər və siz niyə imtina etdiniz?

- Bu, işi "ört-basdır etmək", ictimai və beynəlxalq təzyiqi zəiflətmək məqsədilə edilib. Gürcüstan hökuməti belə sərt reaksiya gözləmirdi. Onlar bunu ölkənin təhqir edilmiş imicini bərpa etmək, ictimaiyyətin diqqətini yayındırmaq və məni susdurmaq üçün ediblər. Açıq desəm, ötən il mən müvəqqəti yaşama icazəsinin verilməsi xahişi ilə müraciət etmişdim, amma mənə Gürcüstanın milli maraqlarına zidd fəaliyyətlə məşğul oldğumu bildirərək, imtina cavabı vermişdilər. Bütün bunlar göstərir ki, hakimiyyət narahatlıq içindədir və hər şeyi bu şərtləndirir.

- Bizdə olan məlumata görə, ötən il siz Almaniyaya getmək xahişi ilə müraciət etmisiniz.

- Bəli, mən bir proqram çərçivəsində fəaliyyət üçün 6 aylıq getməli idim. Amma bizə viza vermədilər. Bu məsələ ilə məşğul olan təşkilatlar da bizə viza ala bilmədi.

Leyla Azərbaycan hökumətinin onunla əlaqə saxlamaq üçün hər hansı cəhd göstərib-göstərməməsi haqqında suala inkaredici cavab verib.

- Bir müddət əvvəl demişdniz ki, Gürcüstan cəmiyyətinin belə güclü dəstəyini gözləmirdiniz. Niyə belə həmrəylik və prinsipiallıq səviyyəsi nümayiş etdirildi?

Narahatlıq. Burada deyirlər ki, sussalar, Əfqanın başına keçirilən torbanı hər kəsin başına keçirə bilərlər. Bu ölkə əziyyətlə addım-addım Avropaya yaxınlaşıb və bu hadisə cəmiyyətin narahatlığına səbəb olub. Bu, həm də araşdırmaçı jurnalist və onun ailəsi ilə həmrəylikdir.

- Həbsin səbəbi nədir?

- Bir neçə səbəb var. Əfqan təqiblərdən qaçmaq üçün Gürcüstana gəlmək məcburiyyətində qalıb. Səbəb Gürcüstanda Əliyevlərin biznesinin araşdırılması idi. Bu araşdırmaların nəşrindən sonra bizi izləməyə başlamışdılar. İkinci səbəb onun facebook-da fəal mövqeyi, Azərbaycan-Gürcüstan münasibətlərini tənqid etməsi, Gürcüstanın iqtisadi maraqlar və neft müqabilində demokratiyadan güzəştə getdiyini qeyd etməsi idi. Həm də son vaxtlar siyasi motivlərlə təqib olunanların Azərbaycandan Gürcüstana axını güclənib. Bu, Azərbaycan hökumətinin xoşuna gəlməyib. Əfqanın oğurlanmasının məqsədi də onun Gürcüstandakı fəaliyyətinin qarşısını almaq idi.

- Bu halda demək olarmı ki, iki rəsmi tərəf Əfqanın zərərsizləşdirilməsində maraqlı idi?

- Hər iki tərəf onun Azərbaycana təhvil verilməsində maraqlı idi. Azərbaycan tərəfi də onun təhvil verilməsini tələb edirdi. O, xüsusi əməliyyat nəticəsində oğurlandı və Bakıya aparıldı. Gürcüstan öz ərazisində azərbaycanlı müxalifətçilərin fəaliyyəti ilə əlaqədar Azərbaycanla münasibətləri pozmaq istəmirdi. Gürcüstan onun üçün əhəmiyyət kəsb edən Qərblə münasibətləri ilə əlaqədar birbaşa "Gedin" deyə bilməzdi.

Bu gün ən pis vəziyyətə Gürcüstan düşüb. Hökumət cəmiyyətin və beynəlxalq ictimaiyyətin belə reaksiyası olacağını gözləmirdi. Və belə bir reaksiya olmasaydı, bunun ardınca Gürcüstanda olan bir sıra şəxslər də Azərbaycana təhvil veriləcəkdi.

- Bu hadisənin sizin üçün, Gürcüstan üçün və Azərbaycan-Gürcüstan münasibətləri üçün hansı nəticələri ola bilər?

- Hökumətlər arasında münasibətlər əvvəlki şəkildə inkişaf edəcək. Burada əsas məsələ Avropa ilə münasibətlərin necə qurulacağından ibarətdir. Onlar əvvəlki kimi olmayacaq. Bu məsələdə Qərb institutlarının mövqeyi prinsipialdır.

Gürcüstan cəmiyyəti sonuna qədər dayanacaqmı? - sualına cavabda Leyla deyib ki, bu məsələnin həlli Gürcüstanın vətəndaş cəmiyyətinin əlindədir. O isə hökumətlə güzəştə getmək niyyətində deyil.

- Deməli, problemin açarı Gürcüstan cəmiyyətinin əlindədir?

Bəli, bir də Qərb ictimaiyyətinin təzyiqində.

XS
SM
MD
LG