Avqustun 2-də jurnalist Aytac Əhmədova məlumat toplayarkən zorakılığa məruz qalıb. Onun peşə alətlərini zorla əlindən alıb qaçıblar.
Jurnalist bildirib ki, hadisə polis əməkdaşlarının gözü önündə baş verib. Hadisə Bakının Suraxanı rayonu ərazisindəki Duzlu göl yaxınlığında baş verib. Jurnalist həmin ərazidə məcburi köçkünlərə məxsus obyektlərin söküntüsünü lentə alırmış.
“Əvvəlcə bir mülki geyimli şəxs yaxınlaşıb telefonumu əlimdən alaraq qaçdı. Arxasınca qaçıb çağırsam da telefonumu əlindən ala bilmədim. Uzaqlaşıb maşına mindi. 20 dəqiqə keçəndən sonra Suraxanı Rayon İcra Hakimiyyətinin tanıdığımız nümayəndəsi gəldi, telefonu mənə qaytardı”, jurnalist deyib.
Onun sözlərinə görə, olay yerində obyekti sökülən şəxslərdən biri ilə icra nümayəndələri arasında dava düşüb. Olayı lentə alarkən jurnalistin telefonunu əlindən alan kimliyi bəlli olmayan şəxs yenidən A.Əhmədovanın işləməsinə müdaxilə edib. Bu dəfə o, vedeokameranı ştativ qarışıq götürərək, VAZ 2107 markalı, 99 LX 720 dövlət nömrə nişanlı avtomobilə əyləşərək qaçıb.
Jurnalist üzləşdiyi rəftarla bağlı gərəkli addımların atıldığını bildirib. Mətbuat Şurasına, hüquq- mühafizə qurumlarına, habelə olayın baş verdiyi Suraxanı rayonunun İcra Hakimiyyətinə müraciət edilib.
Mətbuat Şurası artıq olayın araşdırıldığını bildirib. Şura rəsmilərindən Əvəz Rüstəmov Daxili İşlər Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratdıqlarını bildirib. Ə.Rüstəmovun sözlərinə görə, adıçəkilən qurumlardan deyiblər ki, jurnalistin əlindən alınmış avadanlıqları gün ərzində geri veriləcək.
Suraxanı Rayon İcra Hakimiyyətindən deyiblər ki, “narahat olmağa ehtiyac yoxdur”.
“Biz məsələni həll etmişik. Kamera və ştativi polis idarəsinə təhvil verəcəklər. Avadanlıqları sabah (3 avqust) polisdən götürmək olar”, İcra Hakimiyyətinin ümumi şöbəsindən bildiriblər.