Accessibility links

"Kanal 13" TV-nin Bakı bürosunun rəhbərinin istintaqı başa çatıb


Əziz Orucov
Əziz Orucov

Həbsdəki jurnalist, "Kanal 13" TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucovla bağlı cinayət işinin istintaqı başa çatıb.

Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin dediyinə görə, bunu istintaq qurumundan onlara sentyabrın 6-da bildiriblər.

Vəkil vurğulayıb ki, jurnalistə yekun olaraq Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

E.Sadıqov yaxın günlərdə cinayət işinin materialları ilə tanış olacaqlarını bildirib.

İstintaq materialları ilə tanışlıq zamanı pozuntular aşkarlanarsa, müdafiə tərəfi vəsatətlər verməyi planlaşdırır.

Vəkillər cinayət işi ilə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək.

"Kanal 13" TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə günahlandırılıb.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu "Qafqaz Media Təhqiqatları" İctimai Birliyi və "Kanal 13" ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib, sonra həmin müddəti artırıb.

"Kanal 13" internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

Bakı bürosunda axtarışdan, kompüterlərin götürülməsindən və büro rəhbərinin həbsindən sonra internet televiziyanın fəaliyyət göstərməsinin qarşısının alındığı bildirilir.

XS
SM
MD
LG