Sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə jurnalist Elçin İsmayıllı 9 il azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli sayılan E.İsmayıllıya həmçinin 3 il vəzifə tutmaq qadağan olunub.
E.İsmayıllının vəkilləri hökmün əsassız olduğunu, ittihamın məhkəmədə sübuta yetirilmədiyini deyib.
Vəkil Elçin Sadıqov hökmdən apellyasiya şikayəti verəcək.
Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.
E.İsmayıllı özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı illərdir tanıdığı Azər Abbasovdan borc aldığını deyir. İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin keçmiş rəhbəri A.Abbasov məhkəmədə deyib ki, həmin vəsaiti ona icra başçısı verib və Elçinə çatdırmasını istəyib.
Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Daha sonra vəkilinin bildirdiyinə görə ittiham ağırlaşdırılıb.