Accessibility links

Azərbaycana qarşı zərərli məlumat mənbələrinin aşkar edilməsi üçün komissiya yaradılır


İlham Əliyev

Prezident İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması” haqqında sərəncam imzalayıb. Sənəd hələ 2018-ci il martın 29-da imzalansa da rəsmi saytlarda dərc edilməyib. Ancaq, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) saytında dərc edilib.

Komissiya üzvlərinin adları açıqlanmır. Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi komissiyanın sədri təyin edilib. Komissiyanın üzvləri: nəqliyyat, rabitə və yüksək texnologiyalar, daxili işlər, müdafiə nazirlərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat Xidməti rəislərinin müavinləri və ASAN Dövlət Agentliyi sədrinin müavinidir. Komissiyanın fəaliyyətinin təşkili məqsədilə komissiyanın katibliyi yaradılacaq. Katibliyin funksiyasının həyata keçirilməsi Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə həvalə ediləcək.

Komissiya Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, o cümlədən belə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, vura biləcəyi zərər və təsirləri ilə bağlı mütəmadi təhlillərin aparılmasını və təkliflərin hazırlanmasını, mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsini təmin edəcək.

Komissiyanın nəzdində yaradılacaq işçi qrupu ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına kiberhücumlar və fövqəladə kibertəhlükə hallarında əlaqələndirilmiş işin təşkili və birgə əks tədbirlərin həyata keçirilməsini, İnternetdə Azərbaycanın milli maraqları əleyhinə məqsədyönlü şəkildə yayılan saxta məlumatların mənbəyinin təxirə salınmadan müəyyən edilməsi və bu barədə müvafiq orqanların dərhal məlumatlandırılmasını təmin etməlidir.

XS
SM
MD
LG