Accessibility links

Mustafa Haçıbəyli 4 dəfə prokurorluqda dindirilib


Mustafa Hacıbəyli

Müsavat Partiyası Mətbuat Departamentinin rəhbəri Mustafa Hacıbəyli son 20 saatda 4 dəfə Bakı şəhər prokurorluğuna çağırılıb.Bu barədə Müsavat Patiyasının başqanı Arif Hacılı facebook səhifəsində məlumat yayıb.

“Məqsəd söz və ifadə azadlığını daha da məhdudlaşdırmaq, müstəqil mətbuatın son bastonlarından biri olan bastainfo.com saytını susdurmaqdır. Söz və ifadə azadlığını müqəddəs hesab edən bütün yerli və beynəlxalq təşkilatları, azad cəmiyyət uğrunda mübarizə aparan hər kəsi hakimiyyətin Azərbaycanda fəaliyyətini davam etdirən müstəqil mətbuatın son nümunələrinin də sıradan çıxarılmasına yönəlmiş siyasətinə biganə qalmamağa çağırıram”, Hacılı qeyd edib

Mustafa Hacıbəyli isə bildirir ki? bastainfo.com saytında dərc edilən məqalələrlə bağlı baş prokuror Zəkir Qaralovun qərarı ilə fakt üzrə 313-cü maddə ilə cinayət işi açılıb.

“Dünəndən sonra 4 dəfə prokurorluğa çağırılmışam. Dosye toplayırlar. Deyirlər yenə çağıracayıq. Heç bir rəsmi qərar olmadan bastainfo.com saytına Azərbaycandan girişi bağlayıblarr – bloklayıblar”, o qeyd edib.

Mustafa Hacıbəyli hesab edir ki, prokurorluğun bastainfo.com saytına qarşı bütün ittihamları əsassızdır.

“Heç vaxt qanunu pozmamışıq. Heç bir qanunsuz çağırış etməmişik. Mənbə göstərmədən və yoxlamadan heç bir yazı dərc etməmişik. Bizə qarşı bu qərarlar və ittihamlar Azərbaycanda söz azadlığının boğulması istiqamətində atılan növbəti addımlardır”, o bildirir.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi KİV-lərin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

XS
SM
MD
LG