Bakı Apellyasiya Məhkəməsi avqustun 10-da arqument.az saytının blok edilməsi ilə bağlı Səbael Rayon Məhkəməsinin 2 gün əvvəl qəbul etdiyi qərarı ləğv edib.
Bu haqda saytın rəhbəri Şəmşad Aga məlumat verib.
Onun bildirdiyinə görə, bu gün səhər rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. Həmin şikayətdə qərarın ləgv edilməsi, portalın blokunun qaldırılması tələb edilib.
"Şikayətimizə belə tələsik baxılması, xeyrimizə qərarın verilməsi bizim üçün gözlənilməz oldu. Bizim məhkəmələrdən ədalətli qərar gözləmək hesab edirəm ki, absurddur. Məhkəmədə çıxışımnda da bunları dedim. Eyni zamanda şikayətimizi müdafiə etdim", Şəmşad Aga bildirib.
O hər iki məhkəmənin qərarının siyasi olduğunu da qeyd edib.
Şəmşad Aga hələlik mhkəmənin qərarının onlara təqdim edilmədiyini, əsaslandırmadan xəbərsiz olduqlarını da vurğulayıb.
Azərbaycan məhkəmələri sayt üzərinə qoyulan blokun qaldırılması ilə bağlı ilk dəfədir ki, qərar qəbul edir.
Arqument.az portalına Azərbaycan ərazisindən girişə Səbael rayon Məhkəməsi avqustun 8-də qadağa qoymuşdu. Qərar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iddia ərizəsi əsasında, hakim Elmar Rəhimov tərəfindən çıxarılmışdı.
Nazir arqument.az-ın orada yerləşdirilmiş iki materiala görə bloklanmasını istəmişdi. Saytın rəhbərliyinin açıqlamasına görə, hər iki material başqa saytdan götürülmüş, istinadla verilmişdi.
Azərbaycanda saytların bloklanması 2017-ci ilin martından başlanıb. Belə ki, heç bir xəbərdarlıq edilmədən AzadlıqRadiosunun azadliq.org, "Azadlıq" qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və "Azərbaycan saatı" televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb. Yalnız 2017-ci ilin mayın 12-də Səbail Rayon Məhkəməsi bu saytlara girişin bloklanması ilə bağlı qərar qəbul edib.