Accessibility links

Avropa Məhkəməsi Qiyas İbrahimov və Bayram Məmmədovun daha bir şikayətini icraata götürüb


Bayram Məmmədov və Qiyas İbrahimov
Bayram Məmmədov və Qiyas İbrahimov

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdə olan fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun daha bir şikayətini icraata qəbul edib. Bu barədə məhkəmənin məlumatında bildirilir.

Şikayət gənclərin mənzillərində aparılan axtarışla bağlıdır. Onların vəkilləri qeyd ediblər ki, fəallar bununla bağlı ölkə daxilində məhkəməyə müraciət etsələr də həmin müraciətlər təmin edilməyib.

AİHM-ə şikayətdə iddia olunur ki, yerli məhkəmələrin axtarış və götürmə ilə bağlı qərarları gənclərin Avropa Konvensiyasının 6 (Ədalətli məhkəmə araşdırması hüququ), 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (Fikri ifadə etmək azadlığı) maddəsində nəzərdə tutulan hüquqlarını pozub.

İddiaçılar məhkəmədən həmin maddələrin pozulmasının tanınmasını, pozuntuya görə ədalətli kompensasiyanın verilməsini xahiş edirlər.

Q.İbrahimov və B.Məmmədov ötən il mayın 10-da saxlanılıblar. Narkotik maddə ittihamı ilə 10 il həbs olunublar.

Gənclər Heydər Əliyevin abidəsinin üzərində "Qul bayramınız mübarək!" şüarını yazdıqdan sonra həbs olunub və həbslərinin səbəbinin bununla bağlı olduğunu bildirirlər.

XS
SM
MD
LG