Accessibility links

Avropa Məhkəməsi Əfqan Muxtarlının şikayətlərini araşdırmağa başlayıb


Avropa İnsan Haqları Məhkəməsi (AİHM) həbsdəki jurnalist Əfqan Muxtarlının bir neçə epizod üzrə şikayətlərini araşdırmağa başlayıb.

Bu barədə AİHM-nin saytında məlumat yayılıb.

Əfqan Muxtarlının şikayətləri Azərbaycana və Gürcüstana qarşıdır. Onun şikayətlərini Azərbaycandan və Gürcüstandan olan vəkillər qrupu müdafiə edir.

AİHM-in məlumatında Əfqan Muxtarlının araşdırmaçı jurnalist olduğu vurğulanır. Onun 2017-ci il mayın 29-da həbs olunmasından bəhs edilir.

Avropa İnsan hüquqları Məhkıməsinin araşdırmağa başladığı iş Əfqan Muxtarlının həbs olunmasının bir neçə epizodu ilə bağlıdır.

Əfqan Muxtarlının Gürcüstandan olan vəkilləri AİHM-ə şikayətlərində bildirib ki, jurnalistə münasibətdə Avropa Konvensiyasının 1-ci (İnsan hüquqlarına hörmət olunması öhdəliyi), 3-cü (İşgəncələrin qadağan olunması), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) və 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) maddələri pozulub.

Bura habelə, Konvensiyanın 8-ci (Şəxsi həyata hörmət hüququ), 10-cu (İfadə azadlığı), 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri aid edilir.

Gürcüstanlı vəkillər həmçinin, Konvensiyanın 4 saylı Protokolunun 2-ci (Hərəkət azadlığı), 7 saylı Protokolun 1-ci (Əcnəbilərin ölkədən çıxarılması təminatları) və 12 saylı Protokolun 1-ci (Ayrıseçkiliyin yasaqlanması) maddələrinin pozuntusuna yol verildiyini iddia edir.

Jurnalistin Azərbaycanda olan vəkilləri isə Azərbaycanda Əfqan Muxtarlıya münasibətdə Konvensiyanın 1-ci, 5-ci, 6-cı, 10-cu, 18-ci maddələrinin pozulduğunu vurğulayır.

AİHM şikayətlərdəki iddiaları aydınlaşdırmaqdan ötrü Gürcüstan və Azərbaycan hökumətlərinə, eləcə də jurnalistin vəkillərinə ümumilikdə 12 sual göndərib.

Həmin sualların 6-nı Gürcüstan hökuməti, ərizəçinin vəkilləri, 4-nü Azərbaycan hökuməti və ərizəçinin vəkillər cavablandırmalıdır. Məhkəmə həmçinin Azərbaycan və Gürcüstan hökumətinin hər birinin cavablamalı olduğu daha 2 sual göndərib.

Sualların detalları açıqlanmır. Mayın 30-da göndərildiyi bildirilən suallara 3 ay ərzində cavab verilməlidir.

XS
SM
MD
LG