Almaniya kansleri Angela Merkel Rusiya hökumətini Ukraynanın şərqində separatçıların münaqişəyə son qoymaq üçün sentyabr ayında Minskdə atəşkəs haqda əldə edilmiş razılığa əməl etməsi üçün nüfuzundan istifadə etməyə çağırıb.
Xanım Merkel verdiyi açıqlamada vəziyyətin yalnız razılaşdırılmış təmas xətlərinin reallaşdırıldığı halda sabitləşə biləcəyini bildirib.
Almaniya kanslerinin sözçüsünün bildirdiyinə görə, Angela Merkel Rusiya hökumətini separatçıların münaqişəyə son qoyması üçün öz nüfuzundan istifadə etməyə çağırıb.
Şənbə günü Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbəti zamanı Angela Merkel Rusiya, Ukrayna və ATƏT-in iştirakı ilə atəşkəsə dair planlaşdırılmış danışıqların baş tutmadığına görə təəssüf hissini ifadə edib. Keçən həftə prezident Porolenko danışıqların dekabrın 24-26 aparılacağını bildirmişdi.
Ukraynanın şərqində münaqişənin çözülməsi istiqamətində diplomatik səylərdə fəal iştirak edən Almaniya kansleri eyni zamanda, Ukrayna hökuməti və separatçılar arasında əsir mübadiləsini alqışladığını bildirib.
Kiyevin Qərb tərəfdarı hökuməti Ukraynanın şərqində münaqişədə Rusiyanı günahlandırır, Kreml münaqişənin arxasında olduğunu rədd edir.