Almaniya kansleri Angela Merkel çərşənbə günü Türkiyənin Suriyanın şimalındakı Afrin şəhərində hərbi hücumunu kəskin tənqid edib və Suriya qüvvələrinin Dəməşq yaxınlığında şərqi Qutada davam edən hücumlarını qınayıb.
Almaniya parlamentinin aşağı palatasında qanunvericilər qarşısında danışan Merkel deyib ki, Almaniya hökuməti şərqi Qutada hava hücumlarını ən kəskin şəkildə qınayır. O, Suriya prezidenti Bəşar Əsəd qüvvələrini qeyd edib, lakin eyni zamanda Rusiyanı da hadisələrin hansı məcraya düşəcəyini “gözləməkdə” günahlandırıb.
Afrində döyüşlərə toxunan Merkel təhlükəsizlik maraqlarına baxmayaraq, Türkiyənin hərəkətlərinin qəbuledilməz olduğunu bildirib. “Mən bunu da ən kəskin şəkildə qınayıram”, o əlavə edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martin 18-də Afrinin mərkəzinin tamamilə Türkiyə qüvvələri və müttəfiq suriyalı qüvvələrin nəzarəti altında olduğunu və şəhərin üzərində Türkiyə bayraqlarının dalğalandırıldığını bildirib.
Türkiyə Suriyanın şimal-qərbindəki Afrin regionunda hərbi əməliyyatlara yanvar ayında başlayıb. Ankara bundan sonra şərqdə Manbic istiqamətində də irəliləyəcəyi ilə hədələyib. Ərazidə Suriya kürdlərinin YPG birləşmələri yerləşib. Türkiyə Suriya kürdlərinin YPG qrupunu terrorçu qrup hesab edir.