Accessibility links

Minskdə on minlərlə insan etiraz nümayişinə çıxıb


Belarus paytaxtı Minskdə on minlərlə insan bazar günü şəhərdə hərbi qüvvələrin mövcudluğu və ordu tərəfindən yeni xəbərdarlıq fonunda prezident Aleksandr Lukaşenkonun mübahisəli seçkilərdə yenidən seçilməsi və seçkidən sonra nümayişçilərə qarşı qəddar basqılara etiraz olaraq nümayiş keçirir.

İnsanlar etirazların 15-cü günündə Yeni Belarus naminə yürüş adlandırılan nümayişə qatılıb.

Nümayiş iştirakçıları “azadlıq” şüarları səslədirərək, Lukaşenkonun istefasına çağırır.

Yürüşdən öncə Müdafiə nazirliyi ordunun milli abidələri etirazçılardan qorumaq üçün məsuliyyəti üzərinə götürəcəyini bildirib.

Müdafiə nazirliyinin açıqladığı bəyanatda abidələr və heykəllərin yaxınlığında hər hansı iğtişaşlara polis qüvvələri deyil, ordunun cavab verəcəyi bildirilib.

Müxalif NEXTA Life Telegram kanalı Belarus paytaxtına girişlərdə polis yoxlama məntəqələrinin qurulduğu haqda məlumat verib.

Minlərlə insan avqustun 9-da keçirilmiş mübahisəli seçkilərdə ölkəni 1994-cü ildən bəri idarə edən Lukaşenkonun qələbə çaldığı elan edildikdən sonra küçələrə çıxaraq etiraz nümayişləri keçirir. Yeddi mindən çox insan həbs edilib, yüzlərlə insan polis tərəfindən döyülüb. Avropa İttifaqı və Birləşmiş Ştatlar seçkiləri tənqid edib və nümayişçilərə qarşı basqıları qınayıb.

Seçkilərdən sonra Litvaya gedən və səslərin 60 və ya 70 faizini aldığını iddia edən müxalif namizəd Svetlana Tixanovskaya bildirib ki, belaruslar “öz hüquqları uğrunda mübarizə aparmalıdır” və Lukaşenkonun ölkəyə qarşı hərbi təhlükə olduğuna dair iddiaları onları yayındırmamalıdır.

Şənbə günü dünyanın 26 ölkəsində, o cümlədən Litvada Belarusla həmrəylik nümayişləri keçirilməsi planlaşdırılıb.

Şərhlərə bax

XS
SM
MD
LG