Misirdə üç gün davam edən səsvermənin ilkin nəticələrinə görə, hazırkı prezident Əbdel Fəttah əl-Sissi yenidən vəzifəsinə seçilib.
Sissi indiyədək sayılmış bülletenlər üzrə səslərin 92 faizini qazanıb.
Sissinin seçkidə yeganə rəqibi az tanınan siyasətçi Musa Mustafa Musa idi ki, o da seçkiyə getməyə qərar verənədək prezidenti dəstəkləyirdi.
Hökumətin tənqidçilərinin fikrincə, Musa səsverməyə həqiqilik görüntüsü vermək məqsədi ilə namizədliyini irəli sürüb.
Bir sıra potensial namizədlər saxlanıb, yaxud seçkiyə buraxılmayıb.
Seçki 26-28 mart tarixlərində sərt təhlükəsizlik tədbirləri şəraitində keçirilib. Rəsmi nəticələrin aprelin 2-də elan olunacağı gözlənir.
Ordunun keçmiş rəhbəri olan Sissi 2013-cü ildə islamçı prezident Məhəmməd Morsini devirməklə hakimiyyətə gəlib.
Tərəfdarları onun sabitlik, təhlükəsizlik yaratdığını desələr də, tənqidçiləri narazıları susdurduğunu, mətbuat azadlığını məhdudlaşdırdığını düşünür.