Accessibility links

Misirdə toqquşmalarda 70-dən çox insan həyatını itirib (Yenilənib)


Misirin səhiyyə nazirliyi Qahirədə şənbə günü təhlükəsizlik qüvvələri və hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursi tərəfdarları arasında toqquşmalarda 65 adamın həlak olduğunu bildirib. Səhiyyə nazirliyinin rəsmilərinin bildirdiyinə görə, cümə günü İsgəndəriyyə şəhərində baş vermiş iğtişaşlar doqquz nəfərin ölümülə nəticələnib.

Bu, iyulun əvvəli Məhəmməd Mursinin ordu tərəfindən hakimiyyətdən devrilməsindən sonra ən çox insan tələfatı ilə nəticələnmiş ən zorakı toqquşmalardır.

Cənab Mursi iyulun 3-dən bəri ordu tərəfindən gizli yerdə saxlanır. Rəsmi MENA xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Mursi fələstinlilərin yaraqlı qrupu Həmasla əlbir olması ilə bağlı ittihamların təhqiq edildiyi müddətdə rəsmilər tərəfindən saxlanır.

Təhlükəsizlik qüvvələri Qahirədə Müsəlman Qardaşları təşkilatının düşərgəsindən olan nümayişçilərin zorakı etirazları ilə qarşılaşdığını bildirib.

Lakin Mursi tərəfdarları zorakılıqlara görə təhlükəsizlik qüvvlərini günahlandırıb.

İğtişaşlar şənbə günü Qahirə yaxınlığında Mursi tərəfdalarının cümə günündən toplaşdığı Rəbiə Əl-Ərəbiyyə məscidi daxil olmaqla, Misirin bir sıra şəhərlərində baş verib. Misir rəsmilri məscidin içərisində olan insanların atış açdığını bildirib, lakin Əl-Cəzirə tele-kanalı silahlı şəxslərin məscidə atəş açdığı haqda məlumat verib.

Şənbə günü mətbuat kofransında danışan Misirin Daxili işlər naziri Məhəmməd İbrahim təhlükəsizlik qüvvələrinin Mursi tərəfdarlarına atəş açmadığını bildirib.

Mursi tərəfdarları ölən insanlarının sayının daha artıq olduğunu bildirib. Həkimlər Misir paytaxtında Müsəlman Qardaşları təşkilatının qərargahının yerləşdiyi Nəsr məhəlləsində xəstəxanaların dolu olduğunu deyib.

Amerikanın Səsinin müxbiri Elizabet Arrotun Nəsrdən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri və təcili yardım işçilərinin dayandığı yerlə etirazçıların düşərgəsi arasında barrikadalar yaradılıb.

Misirin Daxili işlər naziri Məhəmməd İbrahim müvəqqəti hökumətin etirazçıların düşərgəsinin qanuni yollarla yığışdırılacağına ümid etdiyini deyib. O həmçinin bildirib ki, cənab Mursi Qahirə yaxınlığında 2011-ci ildə ölkədə üsyan zamanı keçmiş prezident Hüsnü Mübarək və onun kabinet üzvlərinin saxlandığı Torah həbsxanasına götürüləcək.
XS
SM
MD
LG