Keçmiş sovet lideri Mixail Qorbaçov Krımda referenduma münasibətini bildirərək, bunu xoşbəxt bir hadisə adlandırıb. Slon.ru saytına müsahibə verən cənab Qorbaçov deyib ki, Krım əhalisi azad səsvermə hüququna malik olub və nəticələr onların istəklərini ədalətli şəkildə əks etdirir. O, eyni zamanda Ukrayna böhranında Rusiya prezidenti Vladimir Putinin siyasətinə dəstək ifadə edib.
Mixail Qorbaçovun bu açıqlamaları onun mövqeyinin keçmiş sovet liderini Sovet İttifaqının dünyaya açılması istiqamətində apardığı islahatlara görə dəstəkləyən Qərbin mövqeyindən tamamilə fərqli olduğunu göstərir.
Cənab Qorbaçovun sözlərinə görə, Krım referendumu insanların həqiqətən də Rusiyaya birləşməsini istədiyini nümayiş etdirib. “Bu isə xoşbəxtlikdir”-deyə o əlavə edib.
Mixail Qorbaçov Krım referendumunun Ukraynanın qərb bölgələrinin əhalisi üçün nümunə ola biləcəyini deyib. “Ukraynanın cənubu öz əhalisinə görə, eynilə Krım kimidir. Burada ruslar yaşayıb, buranı ruslar mənimsəyib. Lakin onlar necə yaşayacaqlarını özləri həll etməlidirlər, onları qovmaq lazım deyil. İndi onların gözü qarşısında misal da var”-deyə cənab Qorbaçov bildirib.
Müsahibə zamanı Mixail Qorbaçov Sovet İttifaqının dağılmasının qarşısını ala bilmədiyini üçün təəssüf hissi keçirdiyini deyib.
Əvvəllər Rusiya prezidenti Vladimir Putini avtoritar idarəçilik üsuluna görə tənqid edən Mixail Qorbaçov internet müsahibədə onun Ukrayna siyasətinə dəstək verib. “Mənim anladığıma görə, o hesab edir ki, Ukrayna azad olmalı, Krım azad olmalıdır və referendum vasitəsilə öz müqəddəratını müəyyən etməkdə də azaddır. Mən Putinin bu fikrini dəstəkləyirəm”-deyə o qeyd edib.
Mixail Qorbaçov müsahibədə ABŞ prezidenti Barak Obamanın hakimiyyətinin ilk illəri onun işini bəyəndiyini və ona dəstək verdiyini deyib. “Lakin o indi soyuq müharibə dövründən sonra amerikalılarda yaranmış triumfalizm xəstəliyinə üstün gəlməlidir”-deyə Qorbaçov əlavə edib.