Accessibility links

Moskvada siyasi repressiyaların qurbanlarının xatirəsi anılıb


Moskvada siyasi repressiya qurbanlarının xatirəsinin anılması mərasimi keçirilib. “Adların qaytarılması” adlı aksiya “Memorial” təşkilatı tərəfindən hazırlanıb.

Paytaxtın Lubyanka meydanında səhər saat 10-dan axşam saat 10-a qədər insanlar Stalin terroru dövrü həyatını itirmiş insanların adlarını oxuyub. Aksiyada mindən çox insan, o cümlədən, ictimai və siyasi xadimlər iştirak edib. Rusiyada insan haqları üzrə müvəkkil Tatyana Moskalkova, “Yabloko” partiyasının lideri Qriqori Yavlinski, Federasiya Şurasının üzvü Vladimir Lukin və 2018-ci ildə Rusiyada prezident seçkilərinə qatılacağını elan edən tele aparacı Kseniya Sobçak aksiya iştirakçıları arasında olub.

“Memorial” təşkilatı bildirib ki, repressiyalar dövrü öldürülmüş 40 min moskvalının adı və qısa tərcümeyi-halını oxumaq üçün aksiyaya qatılmaq könüllüdür.

Tədbirdə iştirak edənlərin çoxu 61 yaşlı tarixçi Yuri Dmitriyevə dəstək bildirib. 20 il bundan əvvəl siyasi repressiya qurbanlarının məzarlıqlarını tapmış “Memorial” üzvü 2016-cı ildən həbsxanadadır. Təşkilat Yuri Dmitriyevi siyasi məhbus adlandırıb. Yavlinski öz çıxışında Dmitriyevin “Adların qaytarılması” işində oynadığı rolu qeyd edib. Sobçak isə tarixçinin azad edilməsi üçün mümkün olan hər şeyi etməyə çağırıb. O qeyd edib ki, Dmitriyev güllələnərək öldürülənlər və repressiya olunanların xatirəsinin saxlanması üçün böyük iş görüb.

Tanınmış insan hüquqları təşkilatı olan “Memorial” repressiya qurbanlarının xatirəsi aksiyasını 2006-cı ildən təşkil edir. Aksiya Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) xələfi olan Federal Təhlükəsizlik Xidmətinin qərargahının yerləşdiyi meydanda keçirilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG