Accessibility links

Avropada "meymun çiçəyi" xəstəliyi yayılır, ABŞ-da isə ilk yoluxma aşkarlanıb


Çərşənbə günü Massaçusets İctimai Sağlamlıq Departamenti məlumat yayaraq bildirib ki, bu yaxınlarda Kanadaya səfər etmiş bir kişidə "meymun çiçəyi" virusuna yoluxma halı aşkarlanıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) laboratoriyaları mayın 18-də günortadan sonra infeksiyanın "meymun çiçəyi" olduğunu təsdiqləyib.

Massaçusets ştat agentliyi bildirib ki, yoluxmaları izləmək üçün CDC və müvafiq yerli səhiyyə qurumları ilə birgə işləməkdədir. Massaçusets İctimai Sağlamlıq Departamenti, həmçinin əlavə edib ki, "xəstəlik ictimaiyyət üçün heç bir risk törətmir və yoluxmuş şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti yaxşıdır".

Digər tərəfədən çərşənbə günü Kanadanın İctimai Səhiyyə Agentliyi, Avropada "meymun çiçəyi" yoluxmalarından xəbərdar olduqlarını və mövcud vəziyyəti yaxından izlədiklərini bildirib. Agentlik hələ ki, heç bir yoluxma halının aşkarlanmadığını da əlavə edib.

Əsasən qərbi və mərkəzi Afrikada yayılan "meymun çiçəyi" daha yüngül formada keçsə də, bu, insanlarda əsasən çiçək xəstəliyinə bənzər nadir virus infeksiyası halıdır. Xəstəlik ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında qeydə alınıb. Qərbi Afrikada son on ildə isə yoluxmaların sayı artıb.

Simptomlara əsasən qızdırma, baş ağrıları və üzdən başlayaraq bədənin qalan hissəsələrinə yayılan dəri səpgiləri daxildir.

Massaçusets İctimai Sağlamlıq Departamenti virusun insanlar arasında asanlıqla yayılmadığını, lakin ötürülmənin bədən mayeləri, "meymun çiçəyi" yaraları, maye və ya yaralarla çirklənmiş yataq dəsti, geyim əşyaları ilə təmasda olunduğu zaman yayıldığını bildirir.

CDC bildirir ki, iki həftə ərzində Portuqaliya, İspaniya və Birləşmiş Krallıq da daxil olmaqla, Avropanın bir neçə ölkəsindəki yoluxmaları yaxından izləyir.

XS
SM
MD
LG