Accessibility links

Rüfət Səfərovun hüquqlarını ictimai müdafiə komitəsi təsis edildi


Rüfət Səfərov
Rüfət Səfərov

Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun Hüquqlarını İctimai Müdafiə Komitəsi təsis edilib. Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevin rəhbərlik etdiyi qurum bəyanatla çıxış edib.

Müdafiə komitəsi Azərbaycan Konstitusyasında nəzərdə tutulan məqbul qanuni-hüquqi vasitələrdən istifadə edərək Rüfət Səfərovun azad olunmasına "səy göstərəcəyini", bu istiqamətdə "bütün zəruri addımları" atacağını bəyan edir.

Rüfət Səfərovun konstitutsiyada təsbit edilən hüquqlarının pozulması azad sözə və müstəqil düşüncəyə malik vətəndaşa qarşı cəza tədbiridir. Ölkə təkcə iqtisadi deyil, həm də siyasi böhran qarşısındadır.

“Rüfət Səfərovun konstitusiyada təsbit edilən hüquqlarının pozulması azad sözə və müstəqil düşüncəyə malik vətəndaşa qarşı cəza tədbiridir. Ölkə təkcə iqtisadi deyil, həm də siyasi böhran qarşısındadır. Sosial-iqtisadi, siyasi və psixoloji reallığın belə mürəkkəb bir məqamında məhkəmənin sifarişlə azad düşüncəyə qənim kəsilməsi, habelə müstəqil yaşam tərzi seçmiş mübariz bir gəncin 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi yolverilməzdir,” bəyanatda deyilir.

Müdafiə Komitəsi bildirir ki, Rüfət Səfərov ölkədə baş verən haqsızlıqlara, rüşvət və korrupsiyaya, habelə kütləvi hüquqsuzluğa qarşı etiraz edərək işlədiyi prokurorluq orqanından istefa verib.

“Təbii ki, R.Səfərovun bu hərəkəti bəzi səlahiyyət sahiblərinin hiddətinə səbəb olmalıydı və oldu da. Nə qədər qəribə olsa da, R.Səfərova qarşı məhz rüşvət və korrupsiya ittihamı ilə 10 yanvar 2016-cı i tarixində başdan-ayağa saxta sübutlarla cinayət işi qaldırıldı. O, tamamilə absurd ittihamlarla 9 il həbs cəzasına məhkum edildi.”

Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu
Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu

Sənəddə Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi B. Bayramova təzyiqlər edildiyi, vəkilin müdafiə çıxışı və Səfərovun son söz deməsi üçün vaxt verilmədiyi xatırladılır.

“Hesab edirik ki, bu məhkəmə hökmü, təkcə azad düşüncəyə, müstəqil demokratik təfəkkürə malik olan gənc bir hüquq işçisinə qarşı yox, eləcə də özünü hüquqi dövlət elan edən ölkənin demokratik imicinə böyük bir zərbədir”.

Müdafiə Komitəsai əmindir ki, ölkədə fəaliyyət göstərən diplomatik korpuslar, o cümlədən insan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələnin ciddiliyinin fərqində olacaqlar.

Rüfət Səfərov bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Səfərov məhkəmə zalında həbs olunub.

Komitəyə üzv olmaq üçün vəkillər Bəhruz Bayramov, Qurban Məmmədov, Namizəd Səfərov, Müzəfər Baxış, şairlər Məmməd İsmayıl, Rüstəm Behrudi, jurnalistlər Əvəz Zeynallı, Pərviz Həşimli, hüquq müdafiəçisi Oqtay Gülalıyev, publisist Zümrüd Yağmur, keçmiş ədliyyə generalı Vidadi Mirkamal və digər tanınmış şəxslər müraciət ediblər.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda R.Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Səfərov ittihamı qəbul etmir və siyasi sifariş hesab edir.

E.Quliyev Amerikanın Səsinə bildirib ki, müdafiə komitəsinin yaradılması ilə bağlı bəyanat bu gün ictimaiyyətə təqdim ediləcək.

“Komitəyə üzv olmaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır. Onlardan vəkillər Bəhruz Bayramov, Qurban Məmmədov, Namizəd Səfərov, Müzəfər Baxış, şairlər Məmməd İsmayıl, Rüstəm Behrudi, jurnalistlər Əvəz Zeynallı, Pərviz Həşimli, hüquq müdafiəçisi Oqtay Gülalıyev, publisist Zümrüd Yağmur, keçmiş ədliyyə generalı Vidadi Mirkamal və digər tanınmış şəxslərin adlarını çəkə bilərəm,” o, qeyd edib.

Quliyevin sözlərinə görə, yaxın günlərdə ictimai müdafiə komitəsi geniş iclasını keçirəcək, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayacaq, Azərbaycandakı diplomatik missiyalarla görüçəcək. Komitə mətbuat konfransları, brifinqlər də təşkil edəcək.

“Gələcəkdə ölkə başçısına müraciət etməyi də planlaşdırırıq,” o qeyd edib.

Öz növbəsində, vəkil Bəhruz Bayramov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Rüfət Səfərovla bağlı hökmündən sentyabrın 27-də Şirvan Apelyasiya Məhkəməsinə şikayət verdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG