Liviya prezidenti Müəmmar Qəzzafiyə sadiq qüvvələr prezidentin anadan olduğu şəhər və əsas istehkam sayılan Sirteni üsyançılardan qorumaq üçün şüddətli döyüşlər aparırlar. Xarici jurnalistlərin dediyinə görə, Qəzzafi qüvvələri bu gün Bin Cavad şəhəri yaxınlığında cəmləşən üsyançılara raket və pulemyotlardan atəş açmış və onları şərqə doğru sıxışdırmışlar. Qarşıdurmanın dünən gecə hökumətpərəst qüvvələrin üsyançılara qarşı ağır tanklar və artilleriya ilə hücumundan sonra baş verdiyi bildirilir.
Son bir neçə gündə beynəlxalq qüvvələrin Qəzzafi ordusuna qarşı hava zərbələri üsyançılara böyük əraziləri ələ keçirməyə imkan yaradıb. Sirte uğrunda döyüş Qəzzafinin 42 illik hakimiyyətinə son qoyulması yönümündə dönüş nöqtəsi kimi qiymətləndirilir.