Accessibility links

Siyasətçilər və ekspertlər Mehriban Əliyevanın təyinatına münasibət bildirib


“Bu qərarda sensasiyalı bir şey görmürəm. Tamamilə gözlənilən idi”, REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirib.

“ Cümhuriyyət dəyərləri onsuz da bu ölkədə çoxdan məhv olmuşdu, indi de-fakto olanın, de-jure rəsmiləşməsi baş verib. Bu sistemdaxili silkələnməyə, nəticə olaraq da islahatlara kömək olacaqsa, niyə də yox ”, N.Cəfərli qeyd edib.

Natiq Cəfərli
Natiq Cəfərli

Ancaq bu olmasa və həmin qurumlar arasında paralellik, təkrarçılıq qalarsa bu qərarın heç bir önəmi olmayacaq.

“Təəssüf ki, 26 sentyabr referendumunun mənasız olması barədə proqnozlarımız özünü doğrultdu”, Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib.

“Hələ o zaman deyirdik ki, referendumda məqsəd ölkədə ailə, klan hakimiyyətini qanuniləşdirməkdir. Bu addım Azərbaycanı orta əsrlərə, feodal quruluşuna geri çəkir və həm hakim dairələrdə, həm də ümumilikdə cəmiyyətdə münasibətlərin kəskinləşməsinə gətirib çıxara bilər”, o vurğulayıb.

İsa Qəmbər
İsa Qəmbər

İ.Qəmbər qeyd edib ki, buna beynəlxalq reaksiya mənfi olacaq.

“Beynəlxalq birlik buna mənfi reaksiya verəcək və bu, təbiidir, çünki XXI əsrdə ailə hakimiyyətinin qurulması yolverilməzdir”, - o vurğulayıb.

AXCP sədri Əli Kərimli bildirib ki, bu addım ölkədə de-fakto mövcud olan ailə hakimiyyətinin rəsmiləşdirlməsindən ibarətdir.

“Əslində konstitusiya dəyişdiriləndə biz cəmiyyətə açıq mesaj vermişdik ki, buna heç bir ehtiyac yoxdur. Konstitusiya yalnız ailə ambisyalarını təmin etmək üçün dəyişdirilir. Əvvəlcə, konstitusiyanı iki dəfə İlham Əliyevin yolunu açmaq üçün dəyişdirmişdilər. 2003-cü ildə onun hakimiyyəti asanlıqla əldə etməsi üçün konstitusiyanı dəyişdirmişdilər. 2009-cu ildə isə saysız qədər prezidentliyə namizəd olması üçün dəyişdirmişdilər. Bu dəfə də hakimiyyəti ailə üzvünə rahat ötürə bilməsi üçün konstitusiyanı dəyişdirdi”.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimlinin firkincə, İlham Əliyevin bu təyinatı Azərbaycan xalqına qarşı hörmətsizlikdir.

“Bu, 100 il bundan qabaq bütün şərq müsəlman aləmində respublika qurmuş ölkənin, xalq cümhuriyyəti irsinə xəyanətdir. Bu rəsmən Azərbaycanda monarxiya, hətta mütləq monarxiya yaratmaq istiqamətində atılmış addımdır. Mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti ölkəmizdə monarxiya qurulması ilə, bunun həm de-yure, həm də de-fakto reallaşması ilə barışamayacaq”,- o qeyd edib.

Onun sözlərinə görə, buna müxalifət tərəfindən ciddi şəkildə etirazlar olacaq.

“Biz onsuz da ölkədə monarxiya qurulmasına qarşı mübarizə aparırıq. Bizim ötən ilin sentyabrında sonuncu mitinqimiz “Monarxiyaya yox!” tələbi ilə keçirilib. Bundan sonra da xalqımızdan müvafiq sosial sifariş aldıqca etirazlarımızı davam etdirəcəyik. Konstitusiyamızın bu şəkildə saxtalaşdırılması, hakimiyyətin bir ailə tərəfindən zəbt edilməsi ilə barışmaq fikrimiz yoxdur. Konstitusiya çərçivəsində demokratik prinsiplərlə dinc mübarizə ilə ölkədə respublika prinsiplərini bərpa edəcəyik”, Ə.Kərimli vurğulayıb.

XS
SM
MD
LG