Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 527,7 min nəfər təşkil edir. Bu, 2017-ci il iyulun 1-nə olan göstəricidir.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılır.
Komitə bildirir ki, onlardan 881,1 min nəfəri dövlət, 646,6 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir.
Muzdla işləyənlərin 21,7 faizi təhsil, 18,9 faizi ticarət, 12,7 faizi isə sənaye sahəsində çalışır.
8,6 faiz əhaliyə səhiyyə, sosial xidmətlərin göstərilməsi, 7,3 faiz tikinti, 7,1 faiz isə dövlət idarəetməsi və müdafiə sahəsində çalışanlardır.
Muzdla çalışanların maaşına gəlincə, orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 522 manata çatıb.
Dövlətdə çalışanlar azalıb...
DSK-nın məlumatına görə, iyun ayında muzdla çalışanların sayı 2 min nəfərdən çox artıb. İyunun 1-nə olan göstəricilərə görə, Azərbaycanda muzdla çalışanların sayı 1 milyon 525,2 min nəfər olub.
İki ay üzrə statistik bilgilərin analizi göstərir ki, iyulda dövlət sektorunda çalışanların sayı 886,4 min nəfərdən 881,1 min nəfərə düşüb.
Özəl sektorda çalışanların sayı isə əksinə, artıb. Bir ayda onların sayının 638,8 min nəfərdən 646,6 min nəfərə çatdığı bildirilir.
Ancaq bəzi ekspertlər DSK rəqəmlərinə bir qədər şübhə ilə yanaşırlar. Onlar deyirlər ki, bağlanan iş yerləri statistikada dəqiq əks edilmir.
Üstəlik, onlar xatırladırlar ki, rəsmi bilgilərə görə, təkcə bu ilin birinci yarısında Azərbaycanda inflyasiya 14 faiz təşkil edib.
DSK-nın məlumatına görə, 2017-ci ilin yanvar-iyul aylarında ərzaq məhsullarının qiymətləri 18,2, qeyri-ərzaq məhsullarının qiymətləri isə 12,6 faiz artıb.
Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də bahalaşıb - 9,6 faiz.
Ekspertlərin fikrincə, bu o deməkdir ki, inflyasiya qazancı “yeyib” .