Accessibility links

ASEAN Myanmada siyasi böhranı müzakirə edir


Cənub-Şərqi Asiya Birliyi Assosiasiyası (ASEAN) üzvləri çərşənbə axşamı Myanmada siyasi böhranı müzakirə etmək üçün danışıqlar aparır.

ASEAN-a üzv olan hər 10 ölkənin xarici işlər nazirləri, eləcə də Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Filippin, Sinqapur, Tayland və Vyetnamın üzvlərinin də iştirak etdiyi toplantı video-konfrans formatında keçirilir.

Sinqapurun Xarici İşlər Naziri Vivian Balakrişnan bazar ertəsi qanunvericilərə verdiyi açıqlamada ASEAN-ın Myanmadakı vəziyyətin regionda “ciddi nəticələrə” səbəb olacağına inandığını və blokun ölkədəki vəziyyətin sabitləşməsinə yardım edə biləcəyini deyib. O, bütün tərəfləri ölkənin faktiki lideri Aunq San Su Çi, prezident Vin Myint və mülki hökumətin digər yüksək rütbəli məmurlarının dərhal sərbəst buraxılması ilə demokratik keçid yoluna qayıtmaq da daxil olmaqla, milli barışıq üçün uzunmüddətli dinc siyasi həll yolunu axtarmağa çağırıb.

Balakrişnan Myanma təhlükəsizlik qüvvələrinin “mülki şəxslərə qarşı ölümcül güc tətbiq etməsinin” ASEAN-nı dəhşətə gətirdiyini deyib.

Hərbçilərin fevralın 1-də etdiyi çevrilişə qarşı Myanmada hər gün təşkil olunan etiraz nümayişləri getdikcə şiddətlənir və ölümcül nəticələr doğurur. BMT-nin İnsan Haqları Bürosunun verdiyi məlumata görə, iğtişaşlar başlayandan bəri 18-i bazar günü olmaqla, azı 21 nəfər ölüb.

Bazar günü nümayişlərinin şahidləri Myanmanın ən böyük şəhəri olan Yanqonda polisin gözyaşardıcı qaz, rezin güllə, su şırnağı və bəzi hallarda canlı güllələrdən də istifadə etdiyini deyib.

Associated Press xəbər agentliyi sosial mediada nümayişçilərə açılan canlı güllələrin fotolarının yerləşdirildiyini bildirib. Medianın paylaşdığı videolarda nümayişçilərin bəzi yaralıları meydandan uzaqlaşdırmağa çalışdığı zaman yerdə qalan qan izləri görünür.

XS
SM
MD
LG