Accessibility links

Myanmada etirazçılar Yangonda hərbi xunta əleyhinə ən böyük nümayiş keçirir


Myanmada ordunun mülki hökuməti devirməsinə qarşı bu günə qədər ən böyük nümayişin keçirildiyi vaxt BMT etirazçılara qarşı "daha geniş miqyasda mümkün zorakılıqlar" barədə xəbərdarlıq edib.

Hərbçilərin dörd nəfərdən çox insanın bir yerə toplanmasına qadağa qoymasına baxmayaraq, çərşənbə günü minlərlə nümayişçi Myanmanın ən böyük şəhəri olan Yanqonun küçələrinə çıxıb. Yanqona gedən yollar və körpülər etirazçıların polis və hərbi maşınların qarşısını almaq üçün tətbiq etdiyi yeni bir taktika olaraq, mühərrik probleminə görə kapotları qaldırılmış avtomobillər tərəfindən bloklanıb.

Fevralın 1-də çevriliş zamanı ölkənin de-fakto lideri Aunq San Su Çi və digər yüksək səviyyəli dövlət məmurlarının həbsindən sonra etirazçılar hər gün Myanmanın ən böyük şəhərlərinin küçələrinə çıxır. Etirazçılar demokratiya tərəfdarı şüarlar yazılmış plakatlar və Su Çinin portretlərini daşıyır, zorakılığa qarşı müqavimət əlaməti olaraq, populyar "Hunger Games” filmlərində nümayiş etdirilən üç barmaqla salam işarəsi nümayiş etdirir.

Özəl və dövlət sektorunda çox sayda işçilər, eləcə də dövlət qulluqçuları işlərini yarımçıq qoyaraq, çevrilişə qarşı kütləvi nümayişlərə qatılıb. Hərbçilər dövlət qulluqçularından işə qayıtmalarını tələb edib və onlara qarşı tədbirlər görüləcəyi ilə təhdid edib.

İzdihamı dağıtmaq üçün xəbərdarlıq atəşi açan, rezin güllələrdən və su şırnaqlarından istifadə edən təhlükəsizlik qüvvələri etirazçılara qarşı getdikcə daha da aqressivləşib.

Ölkənin Siyasi Məhbuslara Yardım Assosiasiyası çevrilişdən sonra çoxun gecə reydləri zamanı olmaqla, 450-dən çox insanın həbs edildiyini bildirib.

İnternet əlaqəsi üçüncü gündür ardıcıl olaraq qısa müddətə rejim tərəfindən kəsilib.

Hərbçilər çevrilişə bəraət qazandırmaq üçün Su Çinin Demokratiya Uğrunda Milli Liqasının qalib gəldiyi ümummilli seçkilərdə geniş saxtakarlılara yol verildiyini iddia edir. Bu iddialar Myanmanın Seçki Komissiyası tərəfindən rədd edilsə də, hərbi xunta bir il müddətinə fövqəladə vəziyyət elan edib və yeni seçkilər keçirəcəyinə söz verib.

Su Çi çevrilişdən bəri Neypyitodakı rəsmi iqamətgahında ev dustaqlığındadır. Rəsmilər aşkar hüququ manevr olaraq çərşənbə axşamı Su Çiyə qarşı onun həbsdə müddətsiz saxlanmasına gətirib çıxara biləcək ikinci ittiham irəli sürüb.

XS
SM
MD
LG