Accessibility links

Nümayəndələr Palatası Prezident Trampın impiçmentinə səs verdi


ABŞ Nümayəndələr Palatası çərşənbə günü axşam saatlarında Prezident Donald Trampı öz siyasi mənfəəti xatirinə prezident səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin onun əməllərini araşdırmaq səylərini əngəlləməkdə ittiham edərək onun impiçmentinə səs verdi.

Partiya xətti üzrə bölünən səsvermədə palatada çoxluq təşkil edən Demokratların mütləq əksəriyyəti iki impiçment maddəsini təsdiq edərək Trampı 243 illik ABŞ tarixində üçüncü impiç edilən prezident etdi.

Prezident Trampın hakimiyyətdə qalması Senatda mühakimə olunacaq.

İmpiçment ittihamlarını araşdırdıqlarına görə Demokratları sərt tənqid atəşinə tutan Trampın yanvar ayında Senatda mühakimə olunacağı gözlənilir.

Senatdakı Respublikaçı çoxluq Trampın prezident vəzifəsindən kənarlaşdırılması ehtimalını azaldır ki, bu da Ağ Evə ikinci dönəm yiyələnməyə can atan Trampın siyasi taleyini 2020-ci ildə seçicilərin öhdəsinə buraxmış olacaq.

Nümayəndələr Palatası Trampın impiçmentini səsvermədən öncə altı saat debat edib.

Həmin saatlarda Demokrat qanunvericilər Trampın impiçmentə layiq olduğunu irəli sürüblər.

Nümayəndələr Palatasının Demokrat Spikeri Nensi Pelosi impiçment səylərinin önündə gedib.
Nümayəndələr Palatasının Demokrat Spikeri Nensi Pelosi impiçment səylərinin önündə gedib.


Prezidentin Respublikaçı tərəfdarları isə Trampın Ukrayna hökumətini sabiq vitse-prezident və 2020-ci il seçkilərində mümkün rəqibi Co Bayden və onun oğlu Hanter Bayden üzərində təhqiqata çağırmaqla yanlışlığa yol vermədiyini iddia ediblər.

İyulun sonunda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Baydenlər üzərində təhqiqata çağıran Tramp həmin vaxt Rusiyapərəst separatistlərlə müharibə aparan Kyivə çatacaq $391 milyon dollarlıq hərbi yardımı müvəqqəti dayandırmışdı.

Tramp sonradan həmin vəsaitin Ukrayanya verilməsini təsdiqləmişdi ki, bir çox Respublikaçıların nəzərində bu, quid pro quo – yəni Baydenlər üzərində təhqiqat müqabilində Ukraynaya hərbi yardımın verilməsi barədə ittihamları heçə endirir.

Nümayəndələr Palatasında impiçmentin birinci maddəsi (səlahiyyətlərdən sui-istifadə) 230:197 səslə, ikincisi (Konqres araşdırmasını əngəlləmək) isə 229:198 səslə qəbul edilib.

Demokratları sərt tənqid edən Prezident Tramp impiçment prosesini "cadugar ovu" adlandırıb.
Demokratları sərt tənqid edən Prezident Tramp impiçment prosesini "cadugar ovu" adlandırıb.

Çərşənbə axşamı Prezident Donald Tramp qəzəblə Nümayəndələr Palatasının ona qarşı irəli sürdüyü impiçment maddələrinə etiraz etmişdi. Tramp onu hakimiyyətdən uzaqlaşdırmağa çalışan Demokratları “ədaləti təhrif etməkdə və səlahiyyətlərini aşmaqda” günahlandırmışdı.

Spiker Nensi Pelosiyə ünvanladığı odlu-alovlu məktubda Tramp siyasi rəqiblərinə qarşı xarici təhqiqatlara başlatmaq ittihamını rədd etmişdi. Onun sözlərinə görə, Demokratlar diqqəti problemlərə yox, onun impiçmentinə yönəldirlər.

Tramp məktubda yazmışdı ki, “Salem cadugar məhkəmələrindəki hüquqi proses” ona qarşı olan mühakimədən daha ədalətli olub.

Tramp məktubun heç nəyi dəyişməyəcəyinə əmin olduğunu bildirsə də, "tarixi məqsəd naminə" öz etirazını diqqətə çatdırmaq istəyini aydın etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG