Accessibility links

Narkotika satanların çoxu işsizlərdir


Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 1853 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2018-ci ilin ilk altı ayına aid yaydığı məlumatda deyilir.

Məlumata görə, cinayət məsuliyyətinə cəlb edilənlərin 4-ü 18 yaşadək, 89-u 18-25 yaşadək, 163-ü 26-29 yaşadək, 1031-i 30 yaşdan yuxarı, o cümlədən 16-sı fəhlə, 1070-i işləməyənlər, 3-ü qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 471-i əvvəllər cinayət törətmişlər, 10-u əvvəllər xüsusi qeydiyyatda olanlardır. Cinayət məsuliyyətinə cəlb olunanların 1271-i kişilər, 16-sı qadınlar, 35 nəfəri isə xarici ölkə vətəndaşlarıdır.

Bu arada narkotik vasitələrin yayılmasında 1031 nəfərin 30 yaşdan yuxarı və 1070 nəfərin işsizlər olması diqqət çəkir.

Eyni zamanda Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlarının iştirakı ilə bu ilin 6 ayında 78 ton 883 kiloqram 897 qram (158 min 034 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 1996-cı ildə yaradılıb, baş nazirin müavini Əli Həsənov bu komissiyanın sədridir.

XS
SM
MD
LG