Accessibility links

Obama Əl-Qaidə və İŞİD-ə qarşı əks-terror strategiyasını müdafiə edir


ABŞ prezidenti Barak Obama milli təhlükəsizliklə bağlı etdiyi son çıxışında səkkiz il hakimiyyətdə olduğu müddətdə amerikalıları müxtəlif qlobal təhdidlərdən müdafiə etmək üçün administrasiyasının əks-terror sahəsində əldə etdiyi nailiyyətlərdən söz açıb.

Obama çıxışında deyib ki, onun administrasiyasının terrorizmə qarşı mübarizə taktikasını dəyişməsi Birləşmiş Ştatların İŞİD və Əl-Qaidə kimi terror şəbəkələrinə qarşı əldə etdiyi üstünlüklərə nail olması ilə nəticələnib. Onun sözlərinə görə bu taktika İŞİD və başqa terrorçu qrupların neytrallaşdırılması üçün ABŞ hərbi qüvvələrinin üzərinə həddindən artıq yük qoymayaraq, müvəffəq koalisiya yaradılması və yerli hökumətlərlə əməkdaşlığı əhatə edib. Prezident Obama milli təhlükəsizliyə dair yekun nitqini Florida ştatında MakDill hərbi hava qüvvələrinin bazasında söyləyib.

Mənim səkkiz il hakimiyyətdə olduğum müddətdə elə gün olmayıb ki, bir terrorçu təşkilat və ya radikal bir şəxs Birləşmiş Ştatlara qarşı hücum törədilməsini planlaşdırmasın.
Barak Obama

Obama ABŞ-ın Xüsusi Əməliyyatlar və Mərkəzi Komandanlı]ına, ordu, hərbi dəniz qüvvələri və hərbi hava qüvvələrinin xüsusi təyinatlı dəstələrinə gördükləri işlərə görə təşəkkürünü bildirib.

Obama 2009-cu ildə hakimiyyətdə gəldikdə Birləşmiş Ştatlar Əfqanıstanda və İraqda yeddi ildir müharibə aparırdı.

“Mənim səkkiz il hakimiyyətdə olduğum müddətdə elə gün olmayıb ki, bir terrorçu təşkilat və ya radikal bir şəxs Birləşmiş Ştatlara qarşı hücum törədilməsini planlaşdırmasın”,-deyə Obama bildirib və əlavə edib ki, o, 2017-ci il yanvarın 20-də hakimiyyətdən gedəndə hər iki dönəm müharibə dövrü vəzifədə olmuş ilk prezident olacaq.

İslam Dövləti qrupu ərazilərin yarısından çoxunu itirib, əhalinin məskunlaşdığı mərkəzlərdə nəzarəti itirib. Öz sıralarına yeni qüvvə yığa bilmir.
Barak Obama

Obama deyib ki, onun administrasiyasının koalisiya yaratmaq və yerli hökumətlərlə əməkdaşlığı sayəsində 11 sentyabr ABŞ-a qarşı terror hücumlarını törətmiş Əl-Qaidə qrupu “keçmişin kölgəsinə” çevrilib.

“İslam Dövləti qrupu ərazilərin yarısından çoxunu itirib, əhalinin məskunlaşdığı mərkəzlərdə nəzarəti itirib. Öz sıralarına yeni qüvvə yığa bilmir”,-deyə prezident Obama əlavə edib.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods prezidentin çıxışından öncə bildirib ki, administrasiyanın strategiyasının “quruda ABŞ hərbi qüvvələrinin məhdud sayda saxlandığı daha davamlı yanaşma tərzi”ndən ibarət olduğunu deyib.

Lakin əks-terror məsələləri üzrə bəzi ekspertlər bildirir ki, Obama administrasiyasının yaraqlıların hərbi liderlərinin öldürülməsində uğuruna baxmayaraq, İŞİD-in güclənməsi administrasiyanın cavabının kifayət qədər olmadığına işarə edir.

Prezident seçilmiş Donald Tramp seçki kampaniyası zamanı Obama və Demokrat partiyasından prezidentliyə keçmiş namizəd Hillari Klintonu “İŞİD-in yaradıcıları” adlandıraraq, onları terrorçu qrupun genişlənməsinə imkan verməkdə günahlandırıb.

Obama Yaxın Şərqdə münaqişələrin davam etdiyi zaman terrorizmlə mübarizə sahəsində administrasiyasının səylərini müdafiə edib.

XS
SM
MD
LG