Accessibility links

Ombudsman CPT prezidenti ilə görüşüb


Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman)

Ombudsman Elmira Süleymanova bu gün, oktyabrın 24-ü İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Gnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ombudsman Aparatının mətbuat xidməti xəbər verir ki, görüşdə Azərbaycanda işgəncə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri ilə mübarizə istiqamətində görülən işlərdən danışılıb.

E.Süleymanova Azərbaycanın 2008-ci ildə BMT-nin İşgəncə, digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokoluna qoşulmasından sonra hökumətin atdığı addımlardan danışıb.

O, Milli Preventiv Qrupun yaradılmasından, saxlama yerlərinə müntəzəm olaraq planlı və plandan kənar başçəkmələr həyata keçirilməsindən bəhs edib.

E.Süleymanova ölkə başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sənədlər haqda da qonaqlara məlumat verib.

Xatırlatma

Ombudsman institutu Azərbaycanda 15 ildən artıqdır ki, fəaliyyət göstərir. Bu qurum yaradılandan ona Elmira Süleymanova rəhbərlik edir.

Ölkədə bu qurumun, eləcə də onun rəhbərinin fəaliyyətinə münasibət birmənalı deyil.

Bəzi hüquq müdafiəçiləri hesab edir ki, bu qurum siyasi əsaslarla hüquqları tapdalanan şəxslərin yox, hökumətin müdafiəçisi qismində çıxış edir.

Qurumun işgəncə iddiaları ilə bağlı mövqeyi də əsasən, hüquq müdafiəçilərinin və qurumlarının narazılığı ilə qarşılanır. Onlar bildirir ki, ombudsman və onun aparatı daha çox işgəncə şikayətlərinin araşdırılması ilə deyil, bir qayda olaraq, təkzib edilməsi ilə seçilir.

Ombudsman Aparatı bu fikirləri qəbul etmir.

XS
SM
MD
LG