Accessibility links

Benəzir Bhuttonun qızı rəsmən Pakistan siyasətinə qatılır


Pakistanın keçmiş baş naziri Benəzir Bhuttonun kiçik qızının bazar ertəsi ölkənin mərkəzində yerləşən Multan şəhərində əllərini yelləyərək partiya şüarlarının səsləndirildiyi və qələbə işarələrinin göstərilməsi ilə müşayiət olunan çıxışı çoxlarına onun mübariz anasını xatırladırdı.

"Nitqinin məzmunundan daha çox əhəmiyyətli olan onun anası kimi eyni hisslər və enerji verən aurası idi," deyə on illərdir Bhutto ailəsinin üç nəsli ilə təmasda olan Pakistanın veteran jurnalisti Nusrat Cavid bildirib.

Bu, 27 yaşlı Asifə Bhutto-Zərdarinin siyasətə rəsmi və demək olar ki, təsadüfi gəlişi idi. O, COVID-19 testi müsbət çıxdıqdan sonra karantinə alınan və əvvəlcədən planlaşdırılan müxalifət mitinqində partiyası adından çıxış edə bilməyən qardaşı Bilaval Bhutto-Zərdarinin əvəzinə çıxış edirdi.

Pakistan Xalq Partiyasının (PPP) yüksək səviyyəli lideri və mərhum Benazir Bhuttonun yaxın siyasi silahdaşı Şerri Rəhman belə bir təsadüfi gəlişin özü-özlüyündə əhəmiyyəti olduğunu deyib.

"Təsadüflər həmişə Bhutto ailəsinin əsas üzvlərini Pakistanın siyasi axınına salıb. Siyasət onları seçir, onlar siyasəti deyil," Rəhman həm Benəzir, həm də Bilavalı nəzərdə tutaraq bildirib.

Benəzir Bhutto siyasətə atası, baş nazir Zülfiqar Əli Bhuttonun hərbi çevriliş nəticəsində devrildikdən və həbs edilib edam edildikdən sonra qoşulmağa məcbur olmuşdu. O, atasının qurduğu Pakistan Xalq Partiyasına rəhbərlik etməyə başlamış və əksəriyyəti müsəlman olan ölkənin ilk qadın hökumət başçısı olmuşdu.

Hər zaman anasının varisi sayılan Bilaval siyasi səhnəyə vaxtından əvvəl, 2007-ci ildə Benəzir öldürüldükdən sonra atılmalı olub.

Onun iki kiçik bacısı - Bəxtəvər və Asifə əksər hallarda siyasətdən kənarda qalaraq, yalnız sosial mediada siyasi şərhlərlə maraqlanıb. London Universitetində Qlobal Sağlamlıq üzrə magistr dərəcəsi alan Asifə sağlamlıq fəalı kimi tanınır. O, poliomielitin aradan qaldırılması üzrə BMT elçisi olub.

Hər üç bacı və qardaş uşaqlıqdan siyasətə cəlb olunmaq məcburiyyətində qalıb. Pakistanlı jurnalist və analitik Süheyl Varraişin sözlərinə görə, Bəxtəvər siyasi həyatla maraqlanmadığı halda, Asifə buna uşaqlıqdan maraq göstərib.

XS
SM
MD
LG