Pakistanın şərqindəki bölgədə bir xristianın Qurani-Kərimi təhqir etdiyi iddiası ilə qəzəblənən müsəlmanlardan ibarət kütlənin azlıq təşkil edən xristianların kilsələrinə və evlərinə hücum etməsindən, rəsmilərin asayişi bərpa etmək üçün ordu çağırmasından sonra cümə axşamı gecə reyd keçirən polis 100-dən çox şəxsi həbs edib.
Ölkənin xristianlara qarşı ən ölümcül hücumlarından birindən sonra Feysəlabad dairəsinin Caranvala şəhərində yaşayan xristianlar tez bir zamanda ailələri ilə birlikdə təhlükəsiz yerlərə köçdükləri üçün heç bir itki olmayıb.
Xristianlar cümə axşamı yavaş-yavaş evlərinə qayıdarkən azı bir kilsənin yandırıldığını görüb. Digər dörd kilsəyə də zərər dəyib. İğtişaşlar zamanı iyirmidən çox ev yandırılıb və ya ciddi şəkildə zədələnib.
"Biz evdə oturmuşduq ki, qəfildən izdihamın gəldiyini, evləri yandırdıqlarını və kilsələrə hücum etdiklərini eşitdik," Şaziyə Əmcad çərşənbə günü yandırılan evinin qarşısında ağlayaraq deyib.
O, Associated Press agentliyinə deyib ki, kütlə ev əşyaları və mebelləri yandırıb. O, ailəsi ilə birlikdə daha təhlükəsiz yerə qaçarkən bəzi əşyalarının oğurlandığını bildirib.
Ordu və polis ərazini patrul edərkən, müsəlman din xadimlərindən ibarət nümayəndə heyətləri sakitlik yaradılmasına yardım etmək üçün Caranvalaya gəlib.
Yerli hakimiyyət orqanları zorakılığın qarşısını almaq məqsədi ilə məktəbləri və ofisləri bağlayıb, mitinqləri bir həftə müddətinə qadağan edib.
Forum