Əfqanistan rəsmiləri bildirir ki, voleybol turniri getdiyi vaxt intiharçının üzərinə bağladığı bombanı partlatması nəticəsində azı 50 nəfər həyatını itirib.
Yahya Xel vilayətinin Paktika rayonunda keçirilən turnirə maraq böyük olub. Hadisə zamanı yaralanan 80-dən çox insan Kabildə yerləşən xəstəxanalara çatdırılıb. Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.
Bazargünki hücum Əfqanistan parlamentinin aşağı palatasının Birləşmiş Ştatlar və NATO beynəlxalq qüvvələrinin bu ilin sonunadək ölkənin təhlükəsizlik qüvvələrinə dəstək kimi qalmaları ilə bağlı qanunu qəbul etdikdən sonra baş verib.
Pakistanla sərhəddə yerləşən Paktika rayonu Əfqanistanın ən çox zorakılıqların yaşandığı region kimi tanınır.
Xəbər agentliklərinin məlumatına əsasən, prezident Barak Obama ABŞ qüvvələrinə Əl-Qaida da daxil olmaqla, Taliban döyüşçülərinin qarşısını almaq üçün yeni göstərişlər verib.
Prezident Obama daha əvvəl bildirmişdi ki, ABŞ-ın gələn il Əfqanistandakı təhlükəsizlik qüvvələrinə təlim və Taliban döyüşçülərinin qarşısını alması missiyası məhdud olacaq.
Yeni göstəriş Amerika qüvvələrinin Əfqanistanda yanvar ayının 1-ə qədər 9800 azaldılması planına təsir etməyəcək.