Accessibility links

Parlament seçkilərində 696 namizəd deputatlıq uğrunda mübarizə aparır


Parlament seçkilərində 696 namizəd deputatlıq uğrunda mübarizə aparır
Parlament seçkilərində 696 namizəd deputatlıq uğrunda mübarizə aparır

Ekspertlər seçki mühitinin demokratik olmadığını iddia edir

Milli Məclisə noyabrın 7-də keçiriləcək seçkilər üzrə 125 seçki dairəsində deputatlıq uğrunda 696 namizəd mübarizə aparır. Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev “Amerikanın səsi” radiosuna bildirib.

Onun sözlərinə görə, deputat seçkilərini 38 minə yaxın müşahidəçi, o cümlədən 1065 beynəlxalq müşahidəçi müşahidə edəcək. “Yerli müşahidəçilərin 3 406-sı Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib və bütün seçki dairələri üzrə müşahidə apara bilər. 32 390 yerli müşahidəçi isə Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib”, - deyə o qeyd edib.

Mətbuat katibi indiyədək parlament seçkilərini işıqlandırmaq məqsədi ilə 11 xarici KİV-in müraciət etdiyini bildirib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı bildirib ki, yerli müşahidəçilərin əksəriyyəti qeyri-hökumət təşkilatları və namizədlərin xətti ilə müşahidə aparacaq. “Əvvəllər müşahidəçilər daha çox siyasi partiyaları təmsil edirdisə, hazırda siyasi partiyaların rolu önəmli deyil. Yalnız Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi mindən çox könüllü müşahidəçini seçkilərə cəlb edə bilib”, - deyə o qeyd edib.

Onun fikrincə, seçkilərin birinci mərhələsi demokratik olmayıb. “Namizədlərin qeydiyyatı, imza toplama prosesi zamanı qanunsuzluqlar olub. Namizədlərin mediaya bərabər çıxışı və toplaşma azadlığı tam təmin edilmir”, - deyə B.Süleymanlı bildirib.

XS
SM
MD
LG