Moskva məhkəməsi cümə axşamı kütləvi etirazlara görə Dövlət Prokurorluğunun Pavel Ustinovun sərbəst buraxılmasını tələb etməsindən sonra aktyorun məhkəmə işinə yenidən baxılacağını bildirib.
23 yaşlı Pavel Ustinov avqustun 3-də keçirilən dinc aksiya zamanı polisə xəsarət yetirməkdə ittiham edilərək, üç il yarım müddətinə həbs cəzasına məhkum edilib.
Ustinov etiraz aksiyasında iştirak etmədiyini deyərək, ona qarşı irəli sürülən ittihamları rədd edib.
Moskva məhkəməsi prokurorluğun tələbi ilə aktyorun işi ilə bağlı cümə günü qərar verəcəyini bildlrib. Bu isə Ustinovun bu həftə həbsdən azad edilə biləcəyi demək ola bilər.
Bu hökm seçki ərəfəsində paytaxtda artan etirazların qarşısının alınması üçün hökumətin qorxu yaratmaq səyi kimi qiymətləndirilir.
Ustinov Moskva seçkilərində müxalifət namizədlərin də iştirakı tələbi ilə keçirilən etiraz aksiyası zamanı həbs edilərək, mühakimə edilən 6 nəfərdən biridir.