Accessibility links

Pensiya sistemində konkret nələr dəyişəcək?


Vergi Məcəlləsinin 300-dən çox maddəsinə edilən dəyişikliklər 2019-cu il yanvarın 1-dən qüvvəyə minir. Rəsmilər bu dəyişikliklərlə təkcə vergilər sahəsində deyil, həm də pensiya sistemində köklü istalahatlara yol açılacağını vəd edirlər. Bəs, pensiya sistemində konkret nələr dəyişəcək?

İqtisadçı Zöhrab İsmayıl yeni dəyişiklikləri, xüsusilə də həm vergilərin, həm də Sosial Müdafiə Fonduna ödənişlərin bir quruma - Vergilər Nazirliyinə ödənilməsini yüksək qiymətləndirir. Amma o deyir ki, ötən illərdə pensiya ilə bağlı ard-arda bir neçə məhdudlaşdırıcı qərardan sonra ümumiyyətlə, ölkə üzrə pensiyaçıların sayı azalıb. Zöhrab İsmayıl düşünür ki, hökumət real islahat aparmaq istəyirsə, ilk olaraq, bu məhdudiyyətləri aradan qaldırılmalıdır.

57 yaşlı, Bakı Sakini Allahyar Cavadov da məhdudiyyətlər üzündən pensiya ala bilmədiyini deyir. Kişilər üçün pensiya yaşının 65-ə qaldırılmasından sonra o, təqaüd alacağına ümidini lap itirib:

“Kişilər bu yaşa gəlib çatmır. Məsələn, mənim gözümdə sağalmaz bir xəstəlik var. Korluqla nəticələnə bilər. İki dəfə infarkt olmuşam. 3-cü infarkt riskinə görə gözümü də əməliyyat etdirə bilmirəm. Belə bir vəziyyətdə kim zəmanət verə bilər ki, mən 65 yaşına kimi yaşaya bilərəm? Dövlət qulluğunda çalışmışam, 17 il can qoymuşam. İndi gedirəm, heç məni saya salmırlar. Hətta bu xəstə halımla nəzərə alan yoxdu. Bunlar ümumiyyətlə, pensiya vermək istəmirlər, bir də gördüz yeni bir qərar da çıxardılar ki, pensiya fonduna ödənişləriniz də batdı”.

Allahyar Cavadov deyir ki, çalışdığı 17 il ərzində vergilərlə yanaşı Sosial Müdaifə Fonduna da ödənişlər edib. Ümid edib ki, işdən çıxanda, ahıl yaşında pensiyasını alar, heç kəsə möhtac qalmaz. Amma o 2017-ci ildə qanuna dəyişikliklərdən sonra pensiya almaq üçün daha bir neçə il gözləməlidir.

İqtisadçı Rövşən Ağayev öz Facebook hesabında yazır ki, qanunvericiliyə edilən dəyişikliklərdən sonra 2010-2018-ci ilərdə pensiya alanların ümumi sayı hardasa 10 faiz azalıb.

Yeni elektron sistem

Millət vəkili Vahid Əhmədov da razılaşır ki, pensiya sahəsində müəyyən problemlər var. Amma o düşünür ki, Azərbaycan hökuməti bu problemlərin həlli üçün pensiya sahəsində də islahatlar aparır:

“Bütün pensiya və müavinət sistemi ilə əlaqədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi böyük işlər görür. Yanvarın 1-dən bütün bu işlər elektron sistem vasitəsi ilə həyata keçiriləcək. Kimsə pensiya yaşı çatanda nə sənəd toplamayacaq, nə də harasa müraciət etməyəcək. Pensiya yaşı çatanda telefonuna mesaj gələcək ki, filan vaxtdan, ayda bu qədər pensiya ala bilərsən. Yeni ildən daha bir yenilik isə Sosial Müdafiə Fondu üçün ödənişlərlə bağlıdır. Artıq bütün ödənişlər bir pəncərə əsasında Vergilər Nazirliyinə ediləcək. Artıq nazirlik özü yığılan vəsaiti bölüşdürəcək. Başqa bir güzəşt isə 2006-ci ilə qədər pensiyaya çıxan adamlarda 25 il iş stajının nəzərə alınmamasıdır”.

2017-ci ildə qanuna daha bir dəyişiklik edildi. Həmin dəyişikliyə görə, şəxs pensiya yaşına çatsa belə, onun sosial sığorta ödəmələri hesabında azı 15 min 800 manat yığılmasa və ya iş stajı 25 ildən az olsa, pensiya ala bilməyəcəklər. Müstəqil eskpertlər bunu daha bir məhdudlaşdırma, büdcəyə qənaət kimi qiymətləndirirdilər.

Vahid Əhmədov deyir ki, Azərbaycan hökuməti bu dəyişikliklərə bağlı 2006-cı ilə qədər pensiyaya çıxanlara güzəşt edib və 25 illik staj tələbi hardasa 40 min nəfərə şamil olunmayıb.

O bildirir ki, yeni dəyişikliklərlə sahibkarlara müəyyən güzəştlər ediləcək, vergi yükü azadılacaq. Bu da kölgə iqtisadiyyatının aradan qaldırılmasına, sahibkarlarla vergi orqanları arasında normal münasibətlərin qurulmasına dəstək verəcək. Nəticədə də sahibkarlar işçi ilə əmək müqavilələri bağlayacaq, paket maaşlar zamanla ləğv ediləcək, bu da təbii ki, pensiya sisteminə təsir edəcək.

Maaşı nədir ki, pensiyası nə ola?

Amma iqtisadiyyat təhlilçisi Toğrul Maşallı o qədər də nikbin deyil. O düşünür ki, problemin həlli üçün məsələ kökündən həll olunmalıdır:

“Çünki işçinin hüquqları müdafiə olunmur. Problemin kökü məhz burdadır. Əgər bu problemlər həll olunsa, o zaman konkret islahatlardan danışmaq olar. 600-700 manat maaş alan olsa, özü də, işəgötürən də Sosial Müdafiə Fondu üçün ödənişlər etsə, 65 yaşadək bu kifayət qədər məbləğ etmiş olacaq. Amma indi maaş 200-300 manat kimi rəsmiləşdirilir, qeyri-rəsmi maaş isə daha yüksəkdir. Pensiyalar isə rəsmi maaşdan hesablanır, rəsmi maaş az olduğundan pensiya fonduna yığılan vəsait də az olur”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Azərbaycanda 1 milyon 300 mindən çox pensiyaçının olduğu bildirilir. Rəsmi məlumatlara görə, hazırda əmək pensiyalarının orta aylıq məbləği hardasa 220 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 246 manatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG