Birləşmiş Ştatlar hökumətinin təhqiqatçıları prezident Donald Trampın kampaniyasının keçmiş menecerinin danışıqlarını 2016-cı il prezident seçkilərindən öncə məhkəmənin qərarına əsasən gizli şəkildə dinləyib. CNN tele kanalının yaydığı məlumata görə, Pol Manafortun danışıqları seçkilərdən sonra da dinlənilməyə davam edib.
Manafort 2016-cı ilin yayında iki ay müddətinə Trampın seçki kampaniyasını meneceri olub. Lakin Ukraynanın keçmiş lideri Viktor Yanukoviçlə biznes əlaqələri olması ilə bağlı xəbərlərin yayılmasından sonra o, istefa verməli olub.
CNN tele şirkətinə əsasən, Manafortun danışıqlarının dinlənilməsinə 2014-cü ildə Federal Təhqiqatlar Bürosunun onun Ukrayna iqtidarına siyasi məsləhət verməsilə bağlı təhqiqat apardığı zaman başlanılıb. Danışıqların dinlənilməsi 2016-cı ildə heç bir dəlil olmadığına görə dayandırılb. Lakin dinlənilmə prosesi sonradan məhkəmənin qərarına əsasən yenidən davam etdirilib və 2017-ci ilin əvvəllərinə qədər davam etdirilib.
CNN-ə əsasən, yeni qərar Trampın kampaniyası və Rusiya arasında əlaqələrə dair təhqiqatla bağlı olub.
Prezident Tramp bundan əvvəl keçmiş prezident Barak Obamanın administrasiyasını Nyu YorkdaTramp qülləsində danışıqların dinlənilməsi haqda göstəriş verməkdə ittiham etmişdi. Manafortun Tramp qülləsində yerləşən mənzildə yaşamasına baxmayaraq, dinlənilmənin orada aparılıb-aparılmadığı aydın deyil.
Federal Təhqiqatlar Bürosu və agentliyin Milli Təhlükəsizlik şöbəsi Tramp qülləsində dinlənilmə aparılmadığını təsdiq edib.