Accessibility links

Pompeo ABŞ vətəndaşının Misir həbsxanasında ölümü ilə bağlı qəzəbini ifadə edib


ABŞ Dövlət Departamentinin sözçüsünün bildirdiyinə görə, dövlət katibi Mayk Pompeo bazar günü qanunsuz olaraq Misir həbsxanasına yerləşdirildiyində israr edən Amerika vətəndaşının məhbəsdə ölümü ilə əlaqədar Misir prezidentinə “hiddətini” ifadə edib.

Pompeonun kəskin açıqlamaları ABŞ hökumətinin 54 yaşlı Mustafa Kasemin aclıq aksiyasından sonra həbsxanada ölümü məsələsini diplomatik gündəmdə saxladığına işarədir.

Pompeo Mustafa Kasemin “mənasız və faciəli ölümü” ilə bağlı narahatlığını Misir prezidenti Əbdül Fəttah Əl-Sissiyə Berlndə Liviyada vətəndaş müharibəsinin sona çatdırılması məqsədilə keçirilən sülh sammiti çərçivəsində görüşü zamanı bildirib.

Nyu Yorkda avtomobil hissələri satıcısı olan Mustafa Kasemin ölümü hüquq müdafiə qrupları tərəfindən kəskin qınanıb və eyni zamanda Misir həbsxanalarında tibbi səhlənkarlıqla bağlı ittihamların səsləndirilməsinə gətirib çıxarıb.

Bu hadisə eyni zamanda, diqqəti Vaşinqtonun əvvəllər hərbi general olmuş prezident Əl-Sissinin hakimiyyəti dövründə insan hüquqları pozuntuları ilə bağlı artan narahatlıqlara baxmayaraq, Misirlə sıx təhlükəsizlik və diplomatik əlaqələr qurmasına yönəldib.

Fəallar və xarici məsələlər üzrə ekspertlər Tramp administrasiyasını Yaxın Şərqdəki müttəfiqini təhlükəsizliyə yardım üçün ayrılan milyonlarla dolları ixtisar edərək cəzalandırmağa çağırıb. ABŞ hər il Misirə təhlükəsizliyə yardım məqsədilə 1.2 milyard dollar ayırır.

Mustafa Kasem 2013-cü ildə islamçıların yüzlərlə insanın ölümülə nəticələnmiş oturaq aksiyasının qəddarlıqla dağıdıldığı zaman həbs edilib. O, hökumətin fərqli düşünənləri susdurmaq üçün çox vaxt istifadə etdiyi mübahisəli etiraz qanununa əsasən 15 il azadlıqdan məhrum edilib. Kasem saxlandığı müddətdə günahsız olduğunu deməyə davam edib və etiraz olaraq keçən il aclıq aksiyasına başlayıb.

Əl-Sissinin 2013-cü ildə hakimiyyətə gəlməsindən sonra Misirdə fərqli düşünənlərə qarşı geniş təqiblər həyata keçirilib və minlərlə insan həbs edilib.

XS
SM
MD
LG