Accessibility links

Poroşenko Ukraynada hərbi vəziyyətin dayandırıldığını və Rusiyaya qarşı sanksiyaların genişləndirildiyini elan edib


Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasında Ukraynanın 10 regionundakı hərbi vəziyyətin dekabrın 26-ı saat 14.00-də bitdiyini bildirib.

"İndi hərbi vəziyyət sona çatır. Bu mənim prinsipial qərarımdır və o, dövlətdə hazırkı təhlükəsizlik vəziyyətinin bütün komponentlərinin təhlilinə əsaslanır", Poroşenko bildirib.

Daha öncə Ukraynanın baş naziri Vladmir Qroysman bildirmişdir ki, hərbi vəziyyət zamanı Rusiya tərəfdən açıq aqressiya olmasa, onu ləğv edəcəklər.

Poroşenko həmin iclasda eyni zamanda Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini istədiyini bildirib. Onun bildirdiyinə əsasən, sanksiyalar layihəsi artıq hazırdır.

Poroşenkonun sözlərinə görə, sanksiyalar Kiyevin nəzarətində olmayan DXR (Donetsk Xalq Respublikası) və LXR (Luqansk Xalq Respublikası) ərazilərində seçkilərin keçirilməsində iştirak edən və Kerç boğazında baş verən hadisəyə görə məsuliyyət daşıyan şəxslərə şamil olunmalıdır.

"Biz gəmilərimizə hücum edənlərə, qanunsuz məhkəmə prosesləri, həbslərdə iştirak edən və bu əmrləri verən şəxslərə qarşı sanksiyalar tətbiq etməliyik. Biz dünyaya qətiyyətimizi nümayiş etməliyik", Poroşenko deyib.

Ukrayna prezidenti həmçinin qeyd edib ki, Ukrayna höküməti baş verənlərə Rusiya Federasiyasıın Dövlət Duması tərəfdən siyasi dəstək verildiyini görür və buna görə də "Vahid Rusiya" və Rusiyanın Liberal Demikratlar Partiyasının (LDPR) bir sıra deputatlarına da sanksiyaların şamil olunacağı planlaşdırılır.

Kerç boğazındakı münaqişədən sonra noyabrın 28-də Ukraynanın 10 regionunda hərbi vəziyyət elan olunub. Noyabrın 25-i Rusiyanın hərbi gəmiləri Ukraynanın iki hərbi gəmisinə atəş açıb, Ukrayna Hərbi Dəniz Donanmasının daha bir gəmisini isə blok edib. Rusiya Ukrayna dənizçilərini ölkənin su hövzəsinə qeyri-qanuni daxil olmaqda ittiham edib və faktiki olaraq Ukrayna Hərbi Dəniz Donanmasının üç gəmisini ələ keçirib.

Ukrayna rəsmiləri insident nəticəsində azı altı dənizçisinin yaralandığını bildirib. Rəsmi Kiyev Ukrayna dənizçilərinin qeyri-qanuni hərəkətə yol verdiyini inkar edərək, Rusiyanı hərbi təcavüzdə günahlandırıb.

Poroşenko əvvəlcə, 60 gün müddətinə hərbi vəziyyət tətbiq etməyi təklif etsə də, sonra bu müddəti 30 günə endirib. Prezident bu qərarı hərbi vəziyyətin Ukraynadakı seçkiqabağı kampanıyanın başlaması ilə üst-üstə düşməsini istəməməsi ilə izah edib. Ukraynada prezident seçkiləri 2019-cu ilin martın 31-də keçiriləcək.

Bir çox deputat hərbi vəziyyətlə əlaqədar olaraq seçkilərin keçirilməyə bilməsindən narahatlığını bildirib, Poroşenkonu bu vəziyyətdən öz xeyrinə istifadə etməkdə günahlandırmışdı.

XS
SM
MD
LG