Accessibility links

ABŞ prezidentliyi uğrunda rəqabət getdikcə güclənir


Seçki gününə doqquz həftə qalmış demokrat Hillari Klinton və respublikaçı Donald Tramp arasında ABŞ prezidentliyi uğrunda rəqabət gərgin xarakter alır.

Yeni CNN/ORC sorğusunun nəticələri Trampın 45-43 səs fərqi ilə Klinton üzərində üstünlüyə malik olduğunu, realpolitics.com-un topladığı rəy sorğularının nəticələri isə Klintonun 3 faiz öndə getdiyini göstərir.

İyul ayında nominasiya qurultaylarından dərhal sonra Klinton Trampdan 8 faiz irəlidə idi.

Lakin belə görünür hər iki namizədin qurultaydan sonra aldığı dəstəyin artıq əhəmiyyəti itib və ölkə boyu aparılan rəy sorğularının nəticələri ştat üzrə namizədlər arasında fərqin olduqca yaxın olduğunu göstərir. Vəziyyət əsasən də noyabrın 8-də keçiriləcək seçkinin nəticələrini müəyyən edəcəyi güman edilən 10 ən mühüm ştatda da eynidir.

ABŞ prezident seçkilərinin nəticələri xalq səsverməsi ilə deyil, hər ştatın əhalisinə uyğun nümayəndə sayı ilə müəyyən olunur. Çərşənbə axşamı çıxan Vaşinqton Post/Survey Monkey-nin avqustun son üç həftəsində qeydiyyatdan keçmiş 74 min seçici arasında apardığı sorğunun nəticələri göstərir ki, seçki kollegiyasında Klinton üstünlüyə malikdir, çünki o daha böyük əhalisi olan ştatlarda dəstək alır.

Vaşinqton Post qəzeti Klintonun 20 ştatda Trampdan 4 faiz öndə getdiyini bildirir. Belə ki, bu, onun Birləşmiş Ştatların 45-ci prezidenti olması üçün lazım olan seçici kollegiyasında 270 səsdən 244-nə malik ola biləcəyini göstərir. Tramp da digər 20 ştatda eyni faizlə Klintondan öndə gedir, ancaq bu ştatların əhalisi daha az olduğu üçün onun nümayəndələrinin sayı yalnız 126-ya çatır.

Vaşinqton Post bildirir ki, 168 nümayəndənin olduğu geridə qalan 10 ştatda heç bir namizəd ən azı dörd faiz üstünlüyə malik deyil.

Corc Vaşinqton Universitetinin politoloqu Con Sayds deyir ki, “rəy sorğularında namizədlər arasında fərqin azalmasına baxmayaraq, Klinton üstünlüyü qoruyub saxlayır. Bu isə onun seçici kollegiyasında da üstünlüyə malik olacağı deməkdir.”

XS
SM
MD
LG