Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya 24 iyun Qələbə Günü paradına hazırlıqlara başlamağı əmr edib.
"Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi şərəfinə hərbi parad hazırlıqlarına başlamağı əmr edirəm. Rusiyanın paytaxtı Moskva və digər şəhərlərdə. Biz bunu iyunun 24-də keçirəcəyik" - deyə, Putin Rossiya 24 telekanalına danışarkən bildirib. O həmçinin "ən sərt təhlükəsizlik rejiminin" təmin edilməsini və parad iştirakçıları üçün hər hansı bir sağlamlıq riskinin aradan qaldırılmasını istəyib.
Prezident "Ölməz Alayın" yürüşünü 26 İyulda Hərbi Dəniz Qüvvələri günü keçirməyi təklif edib.
"Riskləri diqqətlə qiymətləndirməliyik. Təhlükə varsa, "Ölməz Alayın" yürüşünü 26 iyuldan bir ay sonraya təxirə salacağıq" - deyə o qeyd edib.
Bundan əvvəl Putin Rusiyada koronavirus epidemiyasının ikinci dalğasının ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Rospotrebnadzor hələ də ruslara koronavirus infeksiyası riski davam etdiyi üçün küçədə maska və əlcəklərdən istifadəni tövsiyə edir.
Mayın 9-da ənənəvi Qələbə Günü paradı və digər mühüm hadisələr bu il koronavirus pandemiyası səbəbindən ləğv edilib. Jurnalistlərin dediyinə görə, paradın məşqləri zamanı yüzlərlə hərbçi COVID-19 xəstəliyinə yoluxub.
Parad üçün hazırlıqlar Moskva yaxınlığındakı Alabino təlim poliqonunda martın sonundan aprelin 16-dək Moskvada və bölgədə təcridetmə rejiminin tətbiq olunduğu zaman keçirilib. Hərbçilərin özlərinin və yaxınlarının dediklərinə görə, məşqlər zamanı təhlükəsizlik və profilaktik tədbirlərə əməl edilməyib, hərbçilər lazımi qoruyucu vasitələr almayıb, koronavirus infeksiyası əlamətləri də nəzərə alınmayıb.