Accessibility links

Mişel Obama: Qadın Şücaətinə görə mükafatının qalibləri dünyada ictimai fəallar üçün ilham mənbəyidir


Amerikanın birinci xanımı Mişel Obama ABŞ Dövlət katibinin Beynəlxalq Qadın Şücaətinə görə mükafatının qaliblərinin dünyanın hər yerində ictimai fəallar üçün ilham mənbəyi olduğunu bildirib.

Xanım Obama deyib ki, mükafatı almış qadınlar bizə bunu öyrədir: Əgər Tacikistanda bir qadın səsvermədə iştirak etmək üçün işgəncə və təqiblərə ya da Səudiyyə Ərəbistanında məişət zəminində zorakılıqlara qarşı mübarizə apara bilirsə, o zaman hər bir insan gündəlik həyatda qarşılaşdığı ədalətsizliklə mübarizə etmək üçün cəzarətini toplaya bilər.

“Bizim şəraitimiz fərqli ola bilər, amma mübarizə apardığımız işlərin həlli yolları demək olar eynidir. Buna görə də dəyişiklik etmək üçün bu qadınların səslərini qaldırıb və başqalarını ruhlandırdığını görəndə hər birimiz eyni gücə və eyni məsuliyyətə malik olduğumuzu başa düşürük”-deyə xanım Obama bildirib.

Bu il Qadın Şücaətinə görə mükafatları tacik siyasətçi Oynikol Bobonazarova, Səudiyyə Ərəbistanında ailə təhlükəsizliyi proqramının təsisçisi Maha Əl Munif, gürcü babtist keşiş Rusudan Qotsiridze, qvatemalalı hüquqşünas İris Yassmin Barrios Aquliar, Ukrayna xalq artisti Ruslana Lijiçko, zimbabveli insan hüquq müdafiəçisi Beatris Mtetva, ficili feminist Roşika Deo, Malidə icma fəalı Fatimata Toure və hindistanlı fəal Laxmi adı ilə tanınmış qadın fəallara verilib.

Mükafatın qalibləri adından əfqan həkim Nəsrin Oryaxil danışıb. “Dünyanın hər yerində qadınların arzuları bir gün qadın və ana olmağın əsl mahiyyətinə yüksək qiymət veriləndə gerşəkləşəcək”, deyə o bildirib.

Qadın Şücaətinə görə mükafat öz həyatlarını risk qarşısında qoyaraq sülh, ədalət, insan hüquqları, gender bərabərliyi və qadınlar üçün imkanların genişləndirilməsi sahələrində fövqəladə cəsarət və liderlik nümayiş etdirən qadınlara verilir.
XS
SM
MD
LG