Accessibility links

Qarabağda Rusiya zabiti həlak olub


Minalar
Minalar

Dekabrın 18-də Dağlıq Qarabağda, Şuşa şəhəri yaxınlığında Rusiyanin minalardan təmizlənməsi qrupunun zabiti minaya düsərək həlak olub.

Bu barədə RİA Novosti agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Şuşa yaxınlıgındakı yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb," nazirlik bildirib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Münaqişə zonasında Azərbaycan, Rusiya və Türkiyə minatəmizləyənləri işləyir. Belə ki, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri hazırda ermənilərin yaşadığı ərazilərdə və humanitar dəhlizdə, Azərbaycan və Türkiyə hərbiçilərindən ibarət minatmizləyənlər və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) isə digər ərazilərdə minatəmizləmə işlərini həyata keçirir.

ANAMA-nın direktoru Qəzənfər Əhmədov Amerikanın Səsinə bildirib ki, münaqişə zamanı yaradılmış müdafiə zolağının birinci, ikinci, üçüncü eşelonu ən böyük minalanmış ərazilərdir.

“Həmin ərazilərdə piyada əleyhinə minalar, PMN, PMN-2, OZM-72 və başqa minalar basdırılıb. Bundan əlavə PMN-Э markalı az metal tərkibli minalar, tank əleyhinə minalar, TM-57, TM-62P, TM-62P2, TM-62P3, TM-62M və başqa minalar basdırılıb,” o qeyd edib.

Əhmədovun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən minaların təmizlənməsi üzrə prioritetlər təyin olunub.

“Həmin prioritetlərə görə birinci dərəcəli yollar, elektrik xətləri, su təminatı, dövlət mülki əhəmiyyətli obyektlər və başqa ərazilər təmizlənilir. Ondan sonra ikinci dərəcəli prioritetlər hansı ki, evlər tikiləcək, şəhərlər, qəsəbələr salınacaq ərazilər təmizlənəcək. Üçüncü dərəcəli, camaat köçürüləndən sonra yaşamaq və işləmək üçün əkin sahələri, otlaq sahələri təmizlənəcək. Axırıncı prioritet meşə sahələri, dağlıq ərazilər, mülki şəxslərin hərəkət edəcəyi ərazilər təmizlənəcək,” ANAMA direktoru Amerikanın Səsinə bildirib.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri ərazilərin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.

“Son bir gündə 23 hektar ərazi və 5 kilometr yol partlayıcı maddələrdən təmizlənib. Ümumilikdə, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 218 hektar ərazini, 92 kilometr yolu, 423 tikintini minalardan təmizləyib. 7800-dən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib,” nazirliyin məlumatında deyilir.

Öz növbəsində, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bildirir ki, 27 sentyabr – 16 dekabr tarixlərində 1 253 ədəd partlamamış hərbi sursat (PHS), 4 507 ədəd piyada əleyhinə mina, 1 314 ədəd tank əleyhinə mina, 1 875 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1 416 ədəd 9N235 bombacıqları, 20 988 ədəd müxtəlif çaplı patronlar, 2 ədəd qaz qumbarası, 5 968 qram qara barıt, 27 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 7 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 1 858 ədəd partlamış raket hissələri aşkar olunub.

XS
SM
MD
LG