Accessibility links

Qətər Qəzza danışıqlarının həssas mərhələdə olduğunu deyir


Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani çərşənbə günü Qəzzada yeni atəşkəs üçün danışıqların həssas mərhələdə olduğunu bildirib.

O, jurnalistlərə açıqlamasında deyib ki, razılığa gəlməkdən ötrü maneələri aradan qaldırmaq üçün səylər göstərilir.

Qətər, Misir və Birləşmiş Ştatlar döyüşlərin dayandırılmasını təmin etmək üçün danışıqlarda iştirak ediblər. Bura həmçinin Qəzzada hələ də HƏMAS tərəfindən saxlanılan bəzi girovların azad edilməsi və İsrailin saxladığı fələstinli məhbusların azad edilməsi daxildir.

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə axşamı Qətərin baş naziri ilə telefon danışığında məsələni müzakirə edib. ABŞ Dövlət Departamenti bildirib ki, iki rəsmi "Qəzzada bütün girovların azad edilməsini təmin edən atəşkəsə nail olmaq üçün qarşıdakı günlərdə sıx əməkdaşlıq etməyə davam etməyin vacibliyini" təsdiqləyiblər.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron çərşənbə günü dünyanın diqqətini girovlara yönəltməyə, HƏMAS-ı atəşkəs təklifini qəbul etməklə yanaşı, dərhal girovları azad etməyə çağırıb.

"Qəzzada münaqişənin davam etməsinin yeganə səbəbi onların bu razılaşmanı qəbul etməməsidir. Girovları azad etmək lazımdır. Yardımın çatdırılmasına ehtiyacımız var" – deyə, Kameron İsrailə səfəri zamanı açıqlayıb.

İsrail ordusu çərşənbə günü hərbi kampaniyasını davam etdirərək, qüvvələrinin ötən gün ərzində HƏMAS-ın 40-dan çox hədəfinə hava zərbələri endirib.

Qəzzada Səhiyyə Nazirliyi çərşənbə günü bildirib ki, İsrailin hərbi əməliyyatları son bir gündə ən azı 56 nəfərin həyatına son qoyub və müharibə başladıqdan sonra ölənlərin ümumi sayı ən azı 33 899 nəfərə çatıb. Nazirlik bildirir ki, ölənlərin üçdə ikisi qadın və uşaqlardır.

Forum

XS
SM
MD
LG