Accessibility links

Qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının qiymətləri qaldırılıb (Ekspert şərhi və müxalifətin mövqeyi)


Azərbaycan Tarif (qiymət) Şurası təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satış qiymətlərini artırıb. Şura həmçinin, yeni dərman vasitələrinin satış qiymətlərini təsdiq edib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətlərini manatın hazırkı məzənnəsinə uyğunlaşdırıb.

Ekspertlər hesab edir ki, manat son aylarda dollara nisbətdə xeyli ucuzlaşdığından, bu da dərmanların bahalaşması deməkdir.

Dövlət Neft Şirkəti müraciətində bütün istehlakçılar üçün təbii qaz tarifinin min kubmetr üçün 180 manata qaldırılması zərurətini bildirib.

Tarif Şurasının rəsmi saytının yaydığı məlumata görə, təbii qaz təchizatında dayanıqlığın və keyfiyyətli xidmətin davamlılığının, istehsal və paylayıcı şəbəkə üzrə mövcud maliyyə çatışmazlığının azaldılması və perspektiv inkişafın təmin olunması məqsədilə Dövlət Neft Şirkəti müraciətində bütün istehlakçılar üçün təbii qaz tarifinin min kubmetr üçün 180 manata qaldırılması zərurətini bildirib.

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində isə istehsal güclərinin artırılması, elektrik stansiyalarının normal istismar vəziyyətində saxlanılması, elektrik enerjisinə tələbatın ödənilməsi, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması və enerji təchizatının davamlılığının təmin edilməsi üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik artırılmalı olduğu göstərib.

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. “Diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq”, məlumatda deyilir.

Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvar ayının 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

“Azərişıq” ASC-nin məlumatına görə, əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır.

Məlumatda deyilir ki, tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur.

Şuranın qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib.

Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.

Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.

İclasda Dövlət Neft Şirkəti, “Azərenerji” ASC və “Azərişıq” ASC-yə itkilərin azaldılması üçün ciddi tədbirlərin görülməsi və növbəti üç il üzrə itkilərin azaldılması qrafikinin Tarif (qiymət) Şurasına təqdim edilməsi tapşırılıb.

Elektrik enerjisi ilə bağlı qərar 2016-cı ilin 1 dekabr tarixindən qüvvəyə minir.

Reaktiv mühərrik yanacağının qiyməti 550 manat/ton, soba mazutunun qiyməti təbii qazın yeni qiymətinə ekvivalent olaraq 240 manat/ton səviyyəsində müəyyənləşdirilib.

Şuranın iclasında həmçinin, Dövlət Neft Şirkətinin soba mazutu və reaktiv mühərrik yanacağının qiymətinə yenidən baxılması barədə müraciəti, ölkə daxilində istehsal olunan reaktiv mühərrik yanacağının əsas hissəsinin “Azərbaycan Hava Yolları” QSC tərəfindən istifadə olunduğu və beynəlxalq uçuşlarda xarici aviaşirkətlərin tariflərinə uyğun daşıma tariflərinin tətbiq edildiyi nəzərə alınaraq, reaktiv mühərrik yanacağının qiyməti 550 manat/ton, soba mazutunun qiyməti təbii qazın yeni qiymətinə ekvivalent olaraq 240 manat/ton səviyyəsində müəyyənləşdirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli Qərarına əsasən, ölkədə tarifləri (qiymətləri) dövlət tərəfindən tənzimlənən sahələrin liberallaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə isti su təchizatının tarifləri dövlət tənzimlənməsindən çıxarıldığı üçün TarifŞurasının qərarı ilə müəyyən edilmiş tariflər 2017-ci ilin 1 yanvar tarixindən qüvvədən düşəcəkdir.

Bununla bağlı Tarif Şurasının müvafiq qərarına dəyişiklik olunub, “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib.

İclasda həmçinin, 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilmiş, eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Şuranın bu qərarı 2016-cı ilin 29 noyabr tarixindən qüvvəyə minir.

İqtisadçı ekspert Samir Əliyev Facebook səhifəsində Tarif Şurasının məlumatını şərh edib. O yazır ki, qazın və işığın qiymətinin artırılması gözlənilən idi.

Dövlət büdcəsinin dəstəyi azaldlqca qiymətlər artacaq. Bir müddətdən sonra artım olmuş qurumlar maya dəyərinin yüksək olmasını və buna görə də satış qiymətinin artmasının vacibliyini bildirəcəklər.

Samir Əliyev

“2016-cı ilin büdcə sənədində bu barədə qeyd olunmuşdu. Qısaca onu bildirim ki, artım prosesi bununla yekunlaşmayacaq. Dövrü olaraq kommunal xidmətlərin qiyməti artırılacaq. Səbəb kommunal xidmətlərin düzgün idarə edilməməsi səbəbindən maya dəyərinin daim şişməsidir. Bu qurumların fəaliyyətində şəffaflıq yoxdur və vəsaitlər səmərəsiz xərclənib. Dövlət büdcəsinin dəstəyi azaldlqca qiymətlər artacaq. Bir müddətdən sonra artım olmuş qurumlar maya dəyərinin yüksək olmasını və buna görə də satış qiymətinin artmasının vacibliyini bildirəcəklər. Ona görə də kommunal sektorda islahatlar aparılmalıdır və özəl sektorun cəlbinə diqqət artırılmalıdır. İlk olaraq qaz paylaması işi SOCAR-dan geri alınmalı, yeni paylayıcı şirkət yaradılmalıdır.

İndi növbə nəqliyyat sektorunundur. Bu sektorda qiymət artlmı zaman məsələsidir. Görək hökumətin əhaliyə "yeni il hədiyyəsi" nə vaxt olacaq”, ekspert qeyd edir.

Müxalifət hökumətin qiymət artımını kəskin tənqidlə qarşılayıb. AXCP sədri Əli Kərimli faceook səhifəsində Tarif Şurasının qərarınl “anti-xalq” adlandırıb.

Əgər “Monarxiyaya yox! Talana son!” tələbini hamılıqla müdafiə etsəydik, hökumət cəsarət edərdimi ki, qazın, elektrikin qiymətini qaldırıb, oradan topladığı pulla “Formula 1” keçirsin, Burkino Fasoya investisiya qoysun və bu qəbildən digər mənasız işlərə milyardlar xərcləsin?

Əli Kərimli

“Korrupsioner hakimiyyətdən daha bir anti-xalq qərar. Bəzi istisnalarla, qazın qiymətini 100 faiz, elektrik enerjisinin qiymətini 57 faiz qaldırdılar. Hökumətlə hər şey aydındır. Onun üçün milyardları mənasız tüfeyli layihələrə xərcləmək, korrupsiya yolu ilə mənimsəmək daha vacib prioritetdir, nəinki xalqın həyat səviyyəsini yüksəltmək. Bəs biz özümüz necə, əziz həmvətənlər, hökumətin bu qədər məsuliyyətsiz olmasına, xalqı saymamasına görə məsuliyyət daşımırıqmı? Əgər “Monarxiyaya yox! Talana son!” tələbini hamılıqla müdafiə etsəydik, hökumət cəsarət edərdimi ki, qazın, elektrikin qiymətini qaldırıb, oradan topladığı pulla “Formula 1” keçirsin, Burkino Fasoya investisiya qoysun və bu qəbildən digər mənasız işlərə milyardlar xərcləsin?”, Ə.Kərimli sual edir.

XS
SM
MD
LG